ABŞ niyə İranın Fars körfəzi sahillərini vurur? – Məqsəd açıqlandı

ABŞ İrana qarşı hərbi əməliyyatlarını daha da intensivləşdirib. Artıq bir neçə gündür ki, ardıcıl hava zərbələri əsasən İranın Fars körfəzi sahillərində yerləşən hərbi obyektləri, raket və pilotsuz uçuş aparatları ilə əlaqəli infrastrukturunu hədəf alır. Vaşinqton bu əməliyyatların bölgədə təhlükəsizliyin təmin edilməsinə və İranın hərbi imkanlarının zəiflədilməsinə xidmət etdiyini bəyan etsə də, müşahidəçilər zərbələrin daha geniş strateji məqsədlərə hesablandığını bildirirlər.
Qarşılıqlı hücumların davam etdiyi bir vaxtda isə əsas sual budur: ABŞ bu zərbələrlə nəyə nail olmağı hədəfləyib?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
O bildirib ki, hazırda ABŞ və İran arasında imzalanmış atəşkəs memorandumu demək olar ki, qüvvədən düşüb:
“Çünki hər iki tərəf qarşılıqlı zərbələrlə bu atəşkəs razılaşmasını pozmaqda davam edir. ABŞ belə qənaətə gəlib ki, sülh danışıqları vasitəsilə İran məsələsində ciddi irəliləyişə nail olmaq mümkün olmayacaq. Hətta Prezident Donald Tramp bəyan edib ki, sülh danışıqları vaxt itkisindən başqa bir şey deyil. Buna görə də hazırda ABŞ İranla bağlı məsələləri hərbi yolla həll etməyə çalışır. Əsas diqqət isə məhz İranın dəniz qüvvələrinə yönəldilib. Çünki İran Hörmüz boğazına nəzarəti əlində saxlamaq üçün əlindən gələni edir. Hörmüz boğazına nəzarət həm ABŞ, həm də Qərb ölkələri üçün ciddi təzyiq amili hesab olunur. Buna görə də İran bu boğaza təsir imkanlarını yenidən ön plana çıxarmağa çalışır”.

Ekspertin sözlərinə əsasən, əsas hədəf kimi İranın Fars körfəzində yerləşən hərbi obyektləri və infrastrukturun seçilməsində məqsəd İranın Fars körfəzində, daha dəqiq desək, Hörmüz boğazında hərbi müdaxilə imkanlarını minimuma endirməkdir:
“Yəni elə bir vəziyyət yaradılmasına çalışılır ki, İran Hörmüz boğazından istifadə edən və bu marşrutla hərəkət edən ticarət gəmilərinə müdaxilə edə bilməsin. Belə görünür ki, ABŞ İranı yenidən blokada vəziyyətinə salmağa başlayıb, onu Hörmüz boğazına nəzarət imkanlarından məhrum etməyə çalışır və bununla paralel olaraq boğaz üzərində nəzarəti öz əlinə almağa cəhd göstərir. Təbii ki, bütün bunlar Yaxın Şərq böhranının əsas ağırlıq mərkəzinin məhz Hörmüz boğazına yönəldiyini göstərir. Bu baxımdan hesab etmək olar ki, həm Yaxın Şərqdəki ümumi hərbi-siyasi gərginliyin, həm də İranın gələcək taleyinin böyük ölçüdə Hörmüz boğazı ətrafında yaranmış vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacağı ehtimal edilir”.
Bəsti Rəfizadə

