Britaniya donanmasında Çin izi - Yeni faktlar aşkarlanıb

Britaniya Kral Donanmasının xüsusi əməliyyatlarda istifadə etdiyi pilotsuz dəniz vasitələrində Çinlə əlaqəli təhlükəsizlik problemi aşkarlanıb. Vasitələrdəki kameraların Çində yerləşən IP ünvanına siqnal göndərməsi narahatlıq yaradıb.
Sfera.az xəbər verir ki, Britaniya Kral Donanmasının xüsusi əməliyyatlarda istifadə etdiyi K3 "Scout" pilotsuz dəniz vasitələrinin kameralarında təhlükəsizlik problemi müəyyən edilib.
Məlumata görə, kameralardan bəziləri Çində yerləşən IP ünvanı ilə əlaqə saxlayaraq mütəmadi olaraq avtomatik siqnallar göndərib. Bu siqnalların kameraların internetə qoşulu və işlək vəziyyətdə olmasını östərən texniki məlumatlar olduğu bildirilir.
K3 "Scout" vasitələrindən Britaniya Kral Dəniz Piyadaları və xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə olunur. Araşdırma zamanı kameralarda Çin istehsalı komponentlərin olduğu da müəyyən edilib.
Bununla belə, kameralar vasitəsilə məxfi hərbi məlumatların və ya görüntülərin Çinə ötürüldüyünü göstərən hər hansı sübut aşkarlanmayıb.
Britaniya Müdafiə Nazirliyi də məxfi məlumatların əldə edilməsi və ya xaricə ötürülməsi ilə bağlı dəlil olmadığını açıqlayıb. Ehtiyat tədbiri olaraq kameraların internetə çıxışı dayandırılıb.
Hadisə Britaniya ordusunda istifadə olunan hərbi texnikanın kibertəhlükəsizliyi və xarici istehsal komponentlərindən istifadənin yaratdığı risklərlə bağlı narahatlıqları artırıb.
İradə Elsevər






