ABŞ-İran müharibəsi yenidən alovlanır? - AÇIQLAMA

ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı yenidən zərbələr endirməyə başlayıb. Məlumata əsasən, bu addım İranın Hörmüz boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək məqsədi ilə atılıb.
“Amerika Birləşmiş Ştatları kommersiya gəmiçiliyinə və mühüm beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı son zamanlar əsassız təcavüzə görə İranı məsul hesab edir”,- deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin cənubunda yerləşən Bəndər Abbas liman şəhərində ən azı səkkiz güclü partlayış baş verib və 170-ə yaxın hərbi baza vurulub.
Bəs yenidən qarşıdurma olacaqmı və bu dəfə münaqişə hansı bölgələri əhatə edəcək?
Məsələ ilə bağlı politoloq Əli Mustafa Sfera.az-a açıqlama verib.
O bildirib ki, yenidən hərbi qarşıdurma başlayıb və hazırkı vəziyyət onu göstərir ki, bu prosesin davam etməsi ehtimalı kifayət qədər yüksəkdir:
“Əvvəlki mərhələlərdə müxtəlif vasitəçilər tərəflər arasında gərginliyi azaltmağa və hərbi əməliyyatların qarşısını almağa çalışırdılar. Lakin bu dəfə hələlik vasitəçilərin hər hansı ciddi təşəbbüsü və ya diplomatik fəallığı müşahidə olunmur. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın açıqlamaları da vəziyyətin mürəkkəbliyini artırır. O, İranla danışıqların nəticə verəcəyinə inanmadığını açıq şəkildə ifadə edir. Bu isə yaxın perspektivdə diplomatik həll imkanlarının zəiflədiyini göstərən əsas siqnallardan biri kimi qiymətləndirilə bilər. Bununla yanaşı, Körfəz ölkələrinin də prosesə daha fəal şəkildə cəlb oluna biləcəyi ilə bağlı məlumatlar yayılır. Xüsusilə Bəhreynin, eləcə də bəzi digər regional ölkələrin ABŞ ilə birlikdə İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak edə biləcəyi ehtimal edilir. Əgər bu ssenari reallaşarsa, münaqişə daha genişmiqyaslı xarakter ala və daha uzun müddət davam edə bilər”.

Politoloq ABŞ-nin İranda hansı əraziləri vuracağını da açıqlayıb:
“Hazırda mövcud olan məlumata əsasən, ABŞ İran ərazisində təxminən 80 hərbi obyekt və hədəfə zərbələr endirib. İran tərəfi isə cavab olaraq ABŞ-nin bölgədəki hərbi bazaları da daxil olmaqla təxminən 80-81 hədəfi vurduğunu iddia edir. Bu qarşılıqlı zərbələr onu göstərir ki, artıq tərəflər qarşıdurmanın ən sərt mərhələsinə daxil olublar və hərbi eskalasiya sürətlə dərinləşir. İndiyədək İran müəyyən mənada öz enerji infrastrukturunu qoruyub saxlaya bilmişdi. Donald Tramp da əvvəlki çıxışlarında ABŞ-nin İranın enerji sistemini sıradan çıxarmaq imkanına malik olduğunu, lakin buna məqsədli şəkildə əl atmadığını bildirmişdi. Ancaq artıq bəzi İran şəhərlərində elektrik infrastrukturu və enerji sistemlərinin zərbələrə məruz qalması ilə bağlı məlumatlar yayılır. Əgər müharibə bu templə davam edər və daha da genişlənərsə, İranın enerji infrastrukturu əsas hədəflərdən birinə çevrilə bilər. Belə bir ssenari isə təkcə ölkə daxilində deyil, bütövlükdə regionda ağır humanitar, iqtisadi və təhlükəsizlik nəticələri yarada, eyni zamanda münaqişənin coğrafiyasını daha da genişləndirərək geri dönüşü çətin olan bir mərhələyə keçirə bilər”.
Bəsti Rəfizadə

