Əraqçi- İranın Hörmüz boğazı ilə bağlı təklifi qüvvədə qalır
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Hörmüz boğazında gəmiçiliyin bərpasını və ABŞ-la yekun razılaşma üzrə danışıqların başlanmasını nəzərdə tutan təklifinin qüvvədə qaldığını bildirib.
Sfera.az xəbər verir ki, Əraqçi ABŞ-ın İranın təklifini qəbul edəcəyi təqdirdə, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşmanın əldə olunmasının və Vaşinqtonla yekun saziş üzrə danışıqların başlanmasının mümkün olacağını bildirib.
Nazir hazırda danışıqlar prosesində ictimaiyyətə açıqlana biləcək yeni irəliləyişlərin olmadığını qeyd edib.
O, İranın təklifini əsaslandırılmış və balanslaşdırılmış təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, sənəddə həm İranın tələbləri, həm də qarşı tərəfin mövqeyi nəzərə alınıb.
Əraqçi əlavə edib ki, Tehranın irəli sürdüyü tələblər yeni deyil və onların bir qismi əvvəllər də müzakirə olunub, hətta ABŞ Prezidenti Donald Trampın imzası olan sənədlərdə öz əksini tapıb.
Nazir bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.





