NATO müharibəyə belə hazırlaşır – Yeraltı infrastruktur qurulur
NATO Rusiyaya qarşı müharibə ehtimalına görə yerin altına köçməyi planlaşdırır
NATO ölkələri Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı infrastrukturun yeraltına köçürülməsi məsələsini nəzərdən keçirir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Newsweek” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, müasir dövrdə hərbçiləri aşkarlanmaqdan qorumağın ən etibarlı yollarından biri yeraltı infrastrukturlardan istifadə etməkdir. Bu zərurət pilotsuz uçuş aparatlarının (PUA) və peyk rabitə sistemlərinin sürətli inkişafı ilə əlaqələndirilir.
NATO-nun Böyük Britaniyanın komandanlığı altında fəaliyyət göstərən Çevik Reaksiya Korpusunun mühəndis məsələləri və mülki-hərbi əməkdaşlıq üzrə qərargah rəisinin köməkçisi, polkovnik Dryu Kreyq bildirib ki, gələcəkdə bütün hərbi əməliyyatların yeraltında həyata keçirildiyini təsəvvür etmək mümkündür.
Onun sözlərinə görə, NATO ölkələri Rusiya ilə hipotetik hərbi qarşıdurmaya hazırlaşır. Mümkün müharibə zamanı Alyansın kritik əhəmiyyətli obyektlərinin mümkün qədər çox hissəsinin yeraltında yerləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bundan əvvəl ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Deniel Devis Rusiyaya qarşı müharibə ideyasını tənqid etmişdi. O, belə bir münaqişə barədə düşüncələrə mənfi münasibət bildirmişdi.





