Ukrayna Rusiyanı yanacaqla sınağa çəkir: Moskva sülhə razı olacaq?

Son vaxtlarda Ukraynanın Rusiyanın neft-qaz müəssisələrinə hücumları ardıcıl xarakter alıb. Bu hücumlar nəticəsində çoxlu sayda müəssisəyə zərər dəyib, ölkədə avtomobil yanacağı ilə təminatda çətinliklər yaranıb. Ekspertlərin qiymətləndirməsinə görə, bu hücumlarda məqsəd sülh əldə etməkdir.
Maraqlıdır, bu hücumlarla Rusiyanı atəşkəsə, daha sonra isə sülhə razı salmaq mümkün olacaqmı?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib.
O bildirib ki, Ukraynanın Rusiyanın neft-qaz emalı müəssisələrinə və yanacaq infrastrukturlarına zərbələr endirməsi diqqət çəkən taktikadır:
“Təbii ki, məqsəd Rusiyanın hərbi potensialına, xüsusilə yanacaq təminatı və logistika imkanlarına təzyiq və eləcə də Rusiya daxilində ictimai rəyə təsir göstərməkdir. Göründüyü qədərilə də Ukrayna bu istiqamətdə istəyinə tədricən olsa da, nail olur. Lakin bu cür hücumların siyasi nəticəsi daha mürəkkəb məsələdir. Belə ki, iqtisadi və hərbi təzyiq hər zaman qarşı tərəfi danışıqlara məcbur etmir. Bəzi hallarda əksinə, belə addımlar tərəflərin mövqelərini sərtləşdirə və münaqişənin daha uzun sürməsinə səbəb ola bilər. Rusiya rəhbərliyi üçün də müharibə yalnız hərbi məsələ deyil, həm də daxili və beynəlxalq siyasi nüfuz məsələsidir. Buna görə də Moskvanın qərarları yalnız iqtisadi itkilərlə deyil, daha geniş strateji hesablamalarla müəyyən olunur”.

Politoloq enerji sektoruna zərbələrin Rusiyaya müəyyən təzyiq yaratdığının da inkar edilə bilməz olduğunu bildirib:
“Neft emalı sahələrinin zədələnməsi daxili yanacaq bazarında problemlər yaratmaqla yanaşı, logistika xərclərini də artırır ki, bu da dövlət büdcəsində əlavə yükə səbə olur. Xüsusilə uzunmüddətli perspektivdə belə hücumlar müharibənin maliyyələşdirilməsi imkanlarına təsir göstərə bilər. Lakin Rusiyanın böyük enerji ehtiyatlarına və alternativ imkanlara malik olması bu təsirin dərhal həlledici nəticəyə gətirib çıxarmasını çətinləşdirir. Atəşkəs məsələsində əsas amil isə tərəflərin müharibədən gözlədiyi siyasi nəticələrdir. Əgər tərəflərdən biri hərbi və iqtisadi təzyiq nəticəsində mövqelərinin zəiflədiyini düşünərsə, danışıqlara daha meyilli ola bilər. Amma eyni zamanda, əgər həmin tərəf hələ də strateji üstünlük əldə edə biləcəyinə inanırsa, təzyiqlərə baxmayaraq mübarizəni davam etdirə bilər. Bu baxımdan, Ukraynanın Rusiya enerji infrastrukturuna zərbələri daha çox hərbi-siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər. Bu addımlar Moskvanın hesablamalarına təsir edə bilər, lakin təkbaşına atəşkəsə zəmanət vermir”.
Bəsti Rəfizadə

