Avropada NATO həyəcanı: Trampın hədəsi müttəfiqləri qorxutdu

ABŞ Prezidenti Donald Trampın ölkəsinin Şimali Atlantika Alyansından (NATO) çıxa biləcəyinə dair açıqlaması Avropa müttəfiqlərini qorxudub.
Sfera.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
“Bu, çox çətin bir vəziyyətdir, çünki Prezidentin sözləri şübhəsiz ki, böyük ağırlığa malikdir və onun necə düşündüyünü ortaya qoyur. ABŞ Prezidentinin təsiri böyükdür, bu isə narahatedici bir siqnaldır. Amma indi əsas sual budur: bu barədə nə etməli? Bu, əsl qınaqdır”, – deyə o, ERR telekanalına açıqlamasında bildirib.
Kallas həmçinin vurğulayıb ki, belə açıqlamalar Vaşinqtonu və müttəfiqlərini güclü etmir. O qeyd edib ki, alyansa ABŞ-dən İrana qarşı hərbi əməliyyatda kömək üçün heç bir sorğu daxil olmayıb:
“Bildiyim qədər, NATO-ya heç bir sorğu daxil olmayıb. NATO-nun köməyə gəlməməsi ilə bağlı ittihamlar əsaslı hesab edilə bilməz”.
Daha əvvəl Tramp “Reuters” agentliyinə verdiyi müsahibədə NATO-dan iyrəndiyini və ABŞ-ni ittifaqdan çıxarmağı düşündüyünü açıqlamışdı. “The Daily Telegraph” qəzetinə verdiyi müsahibədə isə ABŞ lideri ittifaqın İranla müharibədə Vaşinqtonu dəstəkləmədiyini bildirərək, NATO-nu “kağız pələng” adlandırmış və ittifaqa heç vaxt çox rəğbət bəsləmədiyini etiraf etmişdi.
Niyaz Hacıyev
Sfera.az
