İran rəhbərliyi niyə özünü qalib hesab edir? -Son vəziyyət

ABŞ və İsrailin hərbi əməliyyatlarına baxmayaraq, İran rəhbərliyi münaqişədə hələlik üstün mövqedə olduğunu düşünür. Analitiklərə görə, bunun bir neçə əsas səbəbi var.
Sfera.az “Telegraph”a istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset hücumları “göydən yağan ölüm və dağıntı” kimi təsvir etsə də, İran İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi rejimin hələ də mövcudluğunu qoruduğunu vurğulayır. Müharibənin əvvəlində ABŞ Prezidenti Donald Trump iranlılara müraciət edərək onların “azadlıq saatının çatdığını” və hakimiyyəti ələ keçirmək üçün tarixi fürsət yarandığını bildirmişdi. Lakin indiyədək hava hücumları İran hakimiyyətini devirməyə kifayət etməyib. Ekspertlərin fikrincə, yalnız hava zərbələri ilə rejimi dəyişmək demək olar ki, mümkün deyil.

ABŞ və İsrail dəqiq kəşfiyyat məlumatları sayəsində İranın ali rəhbəri Əli Xameneinin və yüksək vəzifəli rəsmilərin toplantısını hədəfə alaraq ciddi zərbə endirsələr də, sistem qısa müddətdə özünü bərpa edib. Hücum zamanı yaralanan Müctəba Xamenei sonradan ölkənin yeni ali rəhbəri kimi çıxış etməyə başlayıb və ABŞ ilə İsrailə qarşı “qisas” alacaqlarını bəyan edib. Hücumda öldürülən komandirlərdən sonra Əhməd Vahidi İran İnqilab Keşikçiləri Korpusunun yeni rəhbəri təyin edilib. Təşkilatın digər nüfuzlu simaları, o cümlədən uzun müddət quruma rəhbərlik etmiş Mohsen Rezaee dövlət mediasında çıxış edərək fəaliyyətlərini davam etdirdiklərini göstəriblər. Analitiklərin fikrincə, ABŞ İranı yüz minlərlə əsgərlə quru əməliyyatı ilə işğal etməyə hazır deyil.
Bu isə o deməkdir ki, rejimi dəyişdirə biləcək yeganə real ssenari ölkə daxilində kütləvi xalq üsyanı ola bilər. Hələlik isə belə bir proses müşahidə edilmir. İranın özünü üstün hesab etməsinin ikinci səbəbi isə qarşı tərəfə iqtisadi təzyiq strategiyasıdır. İran regionun ən böyük ballistik raket və pilotsuz uçuş aparatları arsenalına malikdir və bu imkanlardan enerji bazarına təsir etmək üçün istifadə edir. Tehran Körfəz ölkələrinin neft və qaz infrastrukturlarına zərbələr endirməklə, həmçinin Hörmüz boğazının bağlanması ilə qlobal enerji bazarına ciddi təsir göstərməyə çalışır. Neftin qiymətinin 100 dolları keçməsi də bu strategiyanın nəticəsi kimi qiymətləndirilir.

“King's College London”un müharibə araşdırmaları üzrə professoru Lorens Fridman, bildirir ki, İranın əsas uğuru münaqişəni geniş regional problemə çevirməsidir. Onun sözlərinə görə, İran artıq Hörmüz boğazından kənarda da tankerləri hədəfə alaraq mesaj verir ki, Fars körfəzinin istənilən nöqtəsində enerji nəqliyyatını təhlükə altına qoya bilər. Münaqişə artıq regionun bir çox ölkəsinə təsir göstərir. İranın müttəfiqi olan Hezbollah təşkilatının RAF Akrotiri bazasına hücum etdiyi ehtimal edilir.

Bundan əlavə, Livanın cənubundan İsrailə raket atılması yeni hərbi əməliyyatlara səbəb olub. Bununla belə, ekspertlər hesab edir ki, İranın uzunmüddətli perspektivdə vəziyyəti ağır ola bilər. Müharibə ölkənin iqtisadiyyatına ciddi zərbə vurur və hərbi infrastrukturu da böyük itkilər verir. Lorens Fridman hesab edir ki, İran rejimi qısa müddətdə mövqelərini möhkəmləndirsə də, iqtisadi böhran və ictimai narazılıq uzun müddətdə hakimiyyət üçün ciddi təhlükə yarada bilər. Hazırda isə İran rəhbərliyi üçün əsas nəticə sadədir: rejim hələ də mövcuddursa, bu, onların gözündə artıq bir uğur hesab olunur.
Firuzə Əliyeva
Sfera.az
