Fransada sentyabrda REKORD İSTİ

Fransada sentyabr ayının ilk günlərində müşahidə olunan anomal isti hava yeni temperatur rekordunun qeydə alınmasına səbəb olub. Ölkənin cənubunda temperatur 40 dərəcəni keçib.
Sfera.az xəbər verir ki, Fransanın “Meteo-France” meteoroloji agentliyinin məlumatına görə, bazar günü ölkənin cənubundakı Tarn departamentində havanın temperaturu 40,3 dərəcəyə yüksəlib.
Bununla da Fransada sentyabr ayı üçün əvvəlki temperatur rekordu yenilənib. 2022-ci ildə qeydə alınmış 40,2 dərəcə göstəricisi yeni rekordla 0,1 dərəcə geridə qalıb.
Hazırda ölkənin cənub və cənub-şərq bölgələrində isti hava şəraiti davam edir. Altı departamentdə hava şəraiti ilə bağlı “narıncı” təhlükə səviyyəsi elan olunub.
Meteoroloqlar bəzi ərazilərdə bazar ertəsi temperaturun 39 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Müəyyən ərazilərdə isə isti hava ilə bağlı təhlükənin davam edəcəyi bildirilir.
Firuzə Əliyeva
Sfera.az






