Avropada Ukrayna çatlağı: Macarıstan və Slovakiyadan sonra növbə kimindir?

Macarıstanın ardınca Slovakiyanın da Ukrayna ilə münasibətlərində məsafə saxlaması regionda diqqətçəkən siyasi tendensiyanın formalaşdığını göstərir. Müharibənin uzanması fonunda Şərqi Avropa ölkələrində həm iqtisadi, həm enerji, həm də daxili siyasi səbəblərdən narazılıq səsləri daha aydın eşidilməyə başlayıb. Xüsusilə ictimai rəyin dəyişməsi, sosial-iqtisadi təzyiqlərin artması və seçki prosesləri hökumətlərin mövqeyinə təsir göstərir.
Bu kontekstdə sual yaranır: Müharibənin uzanması Avropada narazı ölkələrin sayını artıra bilərmi?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, Şərqi Avropa dövlətlərində Ukraynaya münasibətdə bu qədər qeyri-adekvat yanaşmaların formalaşmasının əsas səbəblərindən biri odur ki, danışıqlar prosesi uzandıqca, Rusiya və Ukrayna arasında müharibənin, hərbi əməliyyatların genişlənməsi riskinin artması gündəmə gəlir:

“Müharibənin miqyasının genişlənməsi birbaşa olaraq Şərqi Avropa dövlətlərinin sərhədlərinin təhlükəsizliyi ilə bağlı ciddi təhdidlər formalaşdırır. Ona görə də, məhz Şərqi Avropa dövlətləri daha fərqli mövqedən çıxış edərək, Ukraynaya qarşı təzyiq mexanizmindən istifadə etməyə çalışırlar. Rusiya-Ukrayna müharibəsində danışıqlar prosesinin müəyyən bir müsbət məcraya yönəlməsi və konkret olaraq yaxın müddətdə atəşkəsin əldə olunması onlar üçün kifayət qədər önəmli prioritetlərdən birinə çevrilib”.
Politoloq diqqətə çatdırıb ki, Macarıstan öz maraqları kontekstindən çıxış edərək, Ukraynanın “Drujba” neft kəmərini bloklamasını əsas göstərməklə artıq dördüncü dəfədir ki, Avropa İttifaqı çərçivəsində Ukraynaya qarşı olan qərarların qəbul olunmasında veto hüququndan istifadə edir:
“Paralel olaraq Slovakiyada da eyni yanaşmanın, eyni ritorikanın formalaşdığını müşahidə edə bilirik. Düşünürəm ki, bütün bunlar Avropa İttifaqı çərçivəsində dövlətlərin konkret olaraq siyasi maraqlarının və təhlükəsizliklə bağlı olan qayğılarının fərqli istiqamətdə formalaşmasından irəli gələn yanaşmalardır. Yaxın perspektivdə bu dövlətlərin sırasının artmayacağı ilə bağlı hər hansı mütləq fikir bildirmək çətindir və bu, istisna edilmir”.
Niyaz Hacıyev
Sfera.az
