"Dünya Zelenskidən yorulub" - Medvedçuk

“Dünyada Ukrayna məsələsindən, xüsusilə də Vladimir Zelenskidən yorğunluq yaranıb”.
Sfera.az xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib.
Onun sözlərinə görə, Qərb sosioloji araşdırmaları cəmiyyətdə Ukrayna məsələsinə və şəxsən Zelenskiyə qarşı yorğunluğun artdığını göstərir. Medvedçuk Avropada Kiyev hakimiyyətinin maliyyələşdirilməsinin dayandırılmasını tələb edən səslərin getdikcə daha çox eşidildiyini qeyd edib.
“Daim hamıdan pul istəyən siyasətçinin nə nüfuzu, nə də etimadı olacaq”, - deyə Medvedçuk yazıb.
O bildirib ki, NATO sammiti ərəfəsində “Pew Research Center”in fevral-may aylarında 37 ölkədə 45 658 respondent arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb. Medvedçukun sözlərinə görə, respondentlərin 52 faizi Zelenskiyə etimad göstərmədiyini bildirib.
Medvedçuk iddia edib ki, Zelenskiyə etimadın azalması həm Qərb ölkələrində, həm də Qlobal Cənubda müşahidə olunur. Onun sözlərinə görə, 15 ölkədə respondentlərin əksəriyyəti Ukrayna prezidentinə etimad göstərmir.
“Bu tendensiyalar Avropada “Rusiyayönlü cəbhə”nin formalaşdığını göstərmir. Lakin Avropada Ukrayna ətrafındakı münaqişənin dayandırılmasına yönəlmiş praqmatik yanaşmanın gücləndiyini göstərir. Bunun üçün isə ən azı münaqişənin maliyyələşdirilməsinə son qoyulmalıdır”, - deyə Medvedçuk vurğulayıb.
O, həmçinin Almaniyanın Saksoniya-Anhalt federal torpağında “Almaniya üçün Alternativ” (AfD) partiyasının seçkilərdəki nəticəsini Avropadakı siyasi yanaşmaların dəyişməsinin göstəricisi kimi qiymətləndirib.
Medvedçukun fikrincə, ABŞ-nin müttəfiq kimi dəstəyinin azalması fonunda Ukrayna Almaniya, Fransa və İtaliyanın da əvvəlki səviyyədə dəstəyini itirmək riski ilə üzləşir.
Bəsti Rəfizadə






