Ukraynaya təhlükəsizlik zəmanəti veriləcək: 1994-cü ilin yalanı təkrarlana bilərmi?

Ukraynaya təhlükəsizlik zəmanəti veriləcək: 1994-cü ilin yalanı təkrarlana bilərmi?
Kateqoriya məlum deyil
T

Ukraynaya yenidən təhlükəsizlik zəmanəti verilə bilər. Bununla bağlı müzakirələr başlayıb. 

 

Xatırladaq ki, 1994-cü ildə də Kiyev nüvə başlıqlarından imtina etməsi müqabilində Qərbdən təhlükəsizlik təminatı almışdı, lakin bu öhdəliklər sonradan pozulmuşdu. 


İndi isə Ukraynanın güzəştə getməsi qarşılığında yenidən təhlükəsizlik zəmanəti təklif olunur. 


Bəs bu təminatlar əvvəlki kimi yenidən pozula bilərmi?

 

Məsələ ilə bağlı politoloq Elşən Manafov Sfera.az-a açıqlamasında bildirib ki, Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsinin əsas səbəbləri ilk növbədə geosiyasi maraqlardan qaynaqlanır: 

 


“SSRİ dağıldıqdan sonra nüvə silahlarının yalnız Rusiyada deyil, həm də Belarus, Ukrayna və Qazaxıstanda qalması Qərb üçün ciddi problem idi. Bu halda yeni müstəqil dövlətlər nüvə arsenalına malik olduğundan, Qərb onlarla güc mövqeyindən danışa bilməyəcəkdi. Digər tərəfdən, nüvə təhlükəsi səbəbindən Qərb öz raketlərini daim hazır vəziyyətdə saxlamalı olurdu ki, bu da əlavə maliyyə yükü demək idi. Həmçinin, nüvə silahlarının saxlanılması böyük xərclər tələb edirdi və keçmiş SSRİ respublikalarının buna nə iqtisadi, nə də texnoloji imkanı var idi. Bütün bu amillər Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsini şərtləndirirdi”.


Politoloq qeyd edib ki, Qərb uzunmüddətli perspektivdə Ukraynanı öz təsir dairəsinə daxil etməyi hədəfləyirdi:


“Qərb Ukraynada Avromeydan hərəkatına milyardlarla dollar xərclədi və nəticədə Yanukoviç devrildi. Daha sonra isə Ukraynanın NATO-ya üzvlüyü istiqamətində addımlar atıldı. Ukrayna neytrallıq statusunu pozaraq NATO-ya üzvlük üçün müraciət edəndə isə Rusiya bunu təhlükəsizlik baxımından təhdid kimi qiymətləndirdi və xüsusi hərbi əməliyyata başladı. Ukraynanın Minsk razılaşmalarının şərtlərini pozması da Rusiyanın müdaxiləsinə əsas verdi”.


Elşən Manafov əlavə edib ki, Qərb Ukraynaya birbaşa hərbi kontingent göndərməsə də, hərbi və maliyyə dəstəyini artırıb:


“Qərb əslində Rusiyanı Ukraynaya cəlb etməklə onu zəiflətməyi, Avropa enerji bazarından sıxışdırmağı planlaşdırırdı. Sanksiyalar Moskvanın mövqelərinə zərbə vursa da, Rusiya iqtisadi və hərbi baxımdan tam çöküş yaşamadı. Əksinə, Qərb özü Ukrayna müharibəsinə artıq 350 milyard dollardan çox vəsait xərcləyib. Müharibənin Ukraynanın xeyrinə bitəcəyinə dair təminatlar isə yoxdur”.


ABŞ-də Prezident Donald Trampın mövqeyinə də toxunan politoloq bildirib ki, o, artıq müharibəni dayandırmaq üçün çıxış yolları axtarmağa məcburdur:


“Tramp Zelenski ilə görüşündə Ukraynanı Putinin bəlli şərtləri müqabilində sülh müqaviləsi imzalamağa çağırıb. O, yalnız bundan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin veriləcəyini bəyan edib. Bəzi ekspertlər hesab edirlər ki, ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik təminatı verə bilər. Lakin bu halda Ukraynada NATO hərbi kontingenti yerləşdirilməlidir ki, Rusiya buna razı olmaz. Mövcud şəraitdə isə BMT mandatı ilə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi real görünür. Bu variant beynəlxalq hüquqa uyğun olduğundan Rusiya da ciddi etiraz etməz. Ukrayna bufer zonası kimi ilk növbədə Avropa üçün vacibdir. Trampın “biz Ukraynaya silah verməyəcəyik, sadəcə satacağıq” deməsi də göstərir ki, o, Bayden administrasiyasının Ukraynanı ABŞ hesabına silahlandırmaq siyasətini dəstəkləmir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR