İsveçdə üzünü gizlədən məşhur reper güllələnib - FOTO

C. Qambino kimi tanınan repper güllələnərək öldürülüb.
Sfera.az bildirir ki, C.Qambino təxəllüsü ilə çıxış edən və üzünü daim maskanın altında gizlədən məşhur isveçli reper Göteborq şəhərində ictimai dayanacaqda güllələnib. Hadisə çərşənbə axşamı axşam saatlarında baş verib. Polis son zamanlar cinayətkar dəstələrin iştirakı və silahlı cinayətlərin artdığını bildirib.
Polis sözçüsü Qambinoya ən azı iki dəfə atəş açıldığını və reperin təxminən 26 yaşında olduğunu bildirib. Repperin əsl adı açıqlanmasa da, media artıq C.Qambinonun adının Qarar Ramazan olduğunu öyrənib.
C.Qambinonun son treki olan "Sista Gang" mayın 31-də işıq üzü görüb və o vaxtdan bəri İsveç “Spotify”da 700 000 dəfə yayımlanıb.
Göteborq polisinin sözçüsü reperin bir neçə yerli dəstə ilə əlaqəsi olduğunu bildirib.
Hüquq-mühafizə orqanlarının atışma ilə bağlı zəng daxil olduqdan dərhal sonra hadisə yerinə gəliblər. Reper dayanacaqda ölmüş vəziyyətdə tapılıb.
Qeyd edək ki, İsveç illərdir mütəşəkkil cinayətlə əlaqəli zorakılığın qarşısını almaq üçün mübarizə aparır. 10 milyon əhalisi olan ölkədə ölümlə nəticələnən atışmaların sayı son on ildə üç dəfədən çox artıb ki, bu da qonşu ölkələrdəki səviyyələri xeyli üstələyib. Polisin hesablamalarına görə, 62.000 nəfər bandalara mənsub və ya hansısa şəkildə onlarla əlaqəlidir.
“Spotify” axın xidmətində aylıq bir milyona yaxın dinləyicisi olan C.Qambino isə daim kimliyini gizlədib. O, ictimaiyyət arasında da hər zaman maska taxıb. C.Qambino ötən ay İsveç musiqi mükafatları “Grammis” mərasimində "2023-cü ilin ən yaxşı hip-hop artisti" seçilib.
2021-ci ildə əsl adı Nils Qronberq olan başqa bir isveçli reper Einar 19 yaşında güllələnərək öldürülüb. Hadisədən bir il əvvəl Einar qaçırılmış və rəqib reperlər tərəfindən hücuma məruz qalmışdı.
Xatırladaq ki, aprel ayında Castin Biberin yaxın dostu olan amerikalı reper Kris Kinq də güllələnmişdi. Bir vaxtlar onlar hətta birlikdə yaşayıblar.
Aynil
Sfera.az