Çexiyada iki qatar toqquşub: 4 nəfər ölü onlarla insan yaralı

Çexiyadan Ukraynanın Çop şəhərinə gedən sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə sərnişinlər olan birinci vaqon tamamilə sıradan çıxıb.
Sfera.az bildirir ki, qəza ötən gün yerli vaxtla axşam saat on bir radələrində yeni Pardubice stansiyasının yaxınlığında baş verib.
İlkin məlumata görə, təxminən 300 nəfəri daşıyan “RegioJet” sərnişin qatarı dayanma nişanını keçib və nəticədə 21 vaqonlu ČD Cargo yük qatarı ilə toqquşub.
Çexiyanın daxili işlər naziri Vit Rakuşan qatarın toqquşması nəticəsində 4 nəfərin öldüyünü, daha 23 nəfərin yaralandığını bildirib. Vəziyyəti ağır olanlar arasında uşaqlar da var.
Toqquşma yerində 36 peşəkar yanğınsöndürən və könüllülər işləyir. Xəsarətdən şikayət etməyən sərnişinlər müvəqqəti olaraq qatarın içərisində qalıblar.
Çexiyanın Baş naziri Petr Fiala da hadisə ilə bağlı açıqlama verib.
"Böyük faciədir. Hamımız həlak olanları və yaralananları düşünürük. Dərin hüznlə başsağlığımı bildirirəm”-deyə o açıqlamasında bildirib.
Aysel
Sfera.az