Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Rəisi təyyarə və ya helikopter qəzalarında həyatını itirən ilk lider deyildi. Təyyarə və helikopter qəzaları tarix boyu bir çox dövlət başçıları və digər yüksəkrütbəlinin həyatına son qoyub.
Sfera.az dövlət rəhblərinin ölümü ilə nəticələnən aviaqəzaların xronologiyasını təqdim edir:
7 sentyabr 1940-cı ildə Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus “Potez 25 TOE” təyyarəsi paytaxt Asunsiondan San-Bernardinoya uçarkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər - Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia, onun həyat yoldaşı Culiya Miranda Kueto və pilot Karmelo Peralta olub. Onların hamısı qəzada həlak olub.
17 mart 1957-ci ildə Filippinin Sebu adasındakı Manunqal dağının yamaclarında “C-47 Skytrain” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 26 nəfərdən 25-i həlak olub. Həlak olanlar arasında Filippin prezidenti Ramon Maqsaysay, bir sıra məmurlar və jurnalistlər də var idi.
16 iyun 1958-ci ildə Braziliyanın müvəqqəti prezidenti vəzifəsini icra edən Nereu Ramos Kruzeyro-do-Sul reysi ilə uçarkən Parana əyalətində Curitiba Afonso Pena beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb və həyatını itirib. Ramos Braziliyada doğulmuş sonuncu prezident idi.
13 aprel 1966-cı ildə İraq Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin cənubunda Bəsrə hava limanından 10 km aralıda qəzaya uğrayıb. Təyyarədə olan ölkə prezidenti Əbdül Salam Aref həlak olub. Versiyalardan birinə görə, faciənin səbəbi Baas Partiyasına rəğbət bəsləyən hərbçilərin təxribatı olub. Bundan sonra onun səlahiyyətlərini qardaşı Əbdül Rəhman icra edib.
18 iyul 1967-ci ildə, Braziliya hərbi diktaturasının ilk Prezidenti Alenco Kastelo Branko prezidentlikdən getdikdən dörd ay sonra Fortalez yaxınlığında “Piper PA-23” təyyarəsinin qəzaya uğraması nəticəsində ölüb.
27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortunyo helikopter qəzası nəticəsində həlak olub. Hadisə Boliviyanın mərkəzindəki Koçabamba əyalətinin Arke qəsəbəsi yaxınlığında baş verib. Qəza vertolyotun elektrik xəttinə toxunması səbəbindən baş verib.
24 may 1981-ci ildə Ekvador Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Perunun cənubundakı dağlardan birinə çırpılıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, onun həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər olub. Hadisə zamanı onların hamısı ölüb. Faktla bağlı aparılan araşdırmalar nəticəsində müxtəlif versiyalar irəli sürülüb: pilot səhvindən tutmuş sui-qəsdə qədər.
31 iyul 1981-ci ildə Panama Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin mərkəzindəki Koklesito aerodromunun yaxınlığında çətin hava şəraitində eniş edərkən dağa çırpılıb. Təyyarədə olan hər kəs, o cümlədən Panamanın faktiki lideri, general Omar Torrixos Herrera həlak olub. 1983-cü ildə aparılan araşdırmaya görə, qəzaya pilotların səhvləri səbəb olub.
19 oktyabr 1986-cı ildə Cənubi Afrikanın şimal-şərqindəki Mbuzini kəndindən 35 km məsafədə Mozambikə məxsus Tu-134A-3 sərnişin təyyarəsi yerə çırpılıb. Təyyarədə 44 nəfər - Mozambikin hökumət nümayəndə heyəti və Sovet uçuş heyəti olub. Hadisə nəticəsində Mozambik prezidenti Samora Maşel də daxil olmaqla 34 nəfər həlak olub.
Sağ qalan 10 nərədən biri ekipaj üzvü idi - uçuş mexaniki Vladimir Novoselov. Qəzanı araşdıran Cənubi Afrika komissiyasının qənaətinə görə, faciəyə səbəb pilotların səhvləri olub.
1988-ci il avqustun 17-də Pakistan Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Bahavalpur limanından havaya qalxandan az sonra qəzaya uğrayıb. Təyyarədəki 31 nəfərin hamısı həyatını itirib. Sərnişinlər arasında Pakistan Prezidenti Məhəmməd Ziya-ül-Həq də olub.
Prezidentlə yanaşı, ABŞ-nin bu ölkədəki səfiri Arnold Luis Rafael və Qərbin hərbi yardımının əfqan mücahidlərinə ötürülməsi proqramına rəhbərlik edən Pakistan Xidmətlərarası Kəşfiyyatının baş direktoru Əbdür Rəhman Axtar da həlak olub. Təyyarə vurulmayıb, qalıqlar üzərində heç bir partlayıcı maddənin izlərinə rast gəlinməyib. “Qara qutu” tapılmadığından qəzanın dəqiq səbəbi heç vaxt müəyyən edilməyib.
6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda Prezidenti Juvenal Habyarimana və Burundi Prezidenti Kiprien Ntaryamiranı daşıyan təyyarə yer-hava raketi ilə vurulub. Hər iki lider və aviagəmidə olan digər 10 nəfər həlak olub. Təyyarə Tanzaniyadan qayıdırmış. Dövlət başçıları orada Ruandanın sabitləşdirilməsi üzrə konfransda iştirak ediblər. Cinayətin əsl icraçıları müəyyən edilməyib, lakin hadisəyə görə Ruandada yaşayan tutsilər günahlandırılıblar.
26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovskini daşıyan təyyarə Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Prezidentlə yanaşı, onu müşayiət edən 6 nəfər və 2 ekipaj üzvü həlak olub. Qəza pis hava şəraitində eniş zamanı pis hazırlıq və pilotun səhvləri səbəbindən baş verib.
10 aprel 2010-cu ildə Polşa Hərbi Hava Qüvvələrinin Varşavadan Smolenskə xüsusi reyslə uçan Tu-154M sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Hadisə Rusiyanın Smolensk şəhərindəki aerodromda baş verib. Təyyarədə Polşa Prezidenti Lex Kaçinski, Polşa siyasi və hərbi elitasının nümayəndə heyəti var idi. Faciə qatı duman şəraitində baş verib. Təyyarə icazə verilən hündürlükdən aşağı enərkən sol qanadı ağcaqayın ağacı ilə toqquşub. 89 sərnişin və 7 ekipaj üzvü həlak olub.Dövlətlərarası Aviasiya Komitəsinin, Polşa Daxili İşlər Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqi Komissiyasının və Polşa Ali Nəzarət Palatasının ekspertlərinin rəyinə görə, fəlakətin səbəbi pilotların səhvləri və uçuşun təşkilindəki çatışmazlıqlar olub.
Firuzə Əliyeva