"Problemlər həll olmur, hətta artır" - Partiya sədrindən ETİRAZ

Azərbaycanda bankların kredit portfeli 2026-cı il avqustun 31-nə 32 milyard 824,2 milyon manata çatıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 119,3 milyon manat və ya 14,4 faiz artım deməkdir. Məbləğ baxımından ən böyük artım Bakıda qeydə alınıb.
Paytaxtda kredit qoyuluşları bir il ərzində 3 milyard 251,7 milyon manat və ya 14,9 faiz artaraq 25 milyard 65 milyon manata çatıb.
Beləliklə, ölkə üzrə ümumi kredit artımının təxminən 79 faizi Bakının payına düşüb.
Sfera.az xəbər verir ki, bu rəqəmləri şərh edən REAL Partiyasının sədri Natiq Cəfərli Bakıda iqtisadi imkanların həddən artıq cəmləşməsinin yaratdığı problemlərə diqqət çəkib.
N.Cəfərli bildirib ki, kredit portfelinin böyük hissəsinin paytaxtın payına düşməsi şəhərdə yaranan digər problemlərlə də əlaqəlidir.
“Əgər kredit portfeli artımının, portfelin tamamının 80 faizi Bakının payına düşürsə, şəhərdə tıxac da olacaq, dözülməz şərait də. Məmləkətin bütün iqtisadi, sosial, mədəni fürsətlərini Bakıya toplayanda belə nəticə qaçılmaz idi”, – o bildirib.
REAL Partiyasının sədri əlavə edib ki, Bakıda hər gün yaşanan problemlərin nəticələrini müzakirə etməklə vəziyyət dəyişmir.
Onun sözlərinə görə, bu problemləri doğuran səbəblər hələ də aradan qaldırılmayıb.
“Hər gün gördüyümüz, yaşadığımız nəticəni saatlarla müzakirə etsək, nə dəyişəcək ki?! Bu nəticəni doğuran səbəblər yerindəcə durur, hətta artır da”, – N.Cəfərli qeyd edib.
Firuzə Əliyeva






