Uşaq gecə yata bilmirsə, səbəbi bu ola bilər – Valideynlərə xəbərdarlıq

Uşaq gecə yata bilmirsə, səbəbi bu ola bilər – Valideynlərə xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Məktəblərin başlaması ilə yay tətilində dəyişən yuxu rejimini yenidən qaydaya salmaq bir çox ailə üçün çətinlik yaradır. Gec saatlarda yatmağa alışan uşaqlar dərs dövründə erkən yatmaqda çətinlik çəkə bilirlər. Mütəxəssislər uşaqları birdən-birə yeni rejimə məcbur etmək əvəzinə, yuxu saatlarının tədricən dəyişdirilməsini tövsiyə edirlər.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq nevrologiyası üzrə mütəxəssis uzm. Dr. Afşin Dezhakamın sözlərinə görə, tətil müddətində gec saatlara qədər ekran qarşısında qalan uşaqların bioloji saatı dəyişə bilər. Onun sözlərinə görə, gecə saat 23:00-00:00-da yatmağa öyrəşən uşağı birdən-birə saat 21:00-da yatağa göndərmək hər zaman nəticə vermir. Çünki orqanizmin yeni rejimə uyğunlaşması vaxt tələb edir.

Mütəxəssislər bildirirlər ki, uşaqlarda yuxu çatışmazlığı yalnız əsnəmə və yorğunluqla özünü göstərmir. Bəzi uşaqlarda bunun əksinə, həddindən artıq hərəkətlilik, narahatlıq, əsəbilik, səbirsizlik və diqqət problemləri yarana bilər. Uşaq ev tapşırığı zamanı diqqətini uzun müddət cəmləyə bilməz, gün ərzində daha narahat və hərəkətli davrana bilər. Kifayət qədər yuxu almamaq uşaqların öyrənmə, yaddaş və emosiyalarını idarə etmə proseslərinə də mənfi təsir göstərə bilər.

Mütəxəssislər yuxu rejiminin bir neçə gün ərzində kəskin şəkildə deyil, mərhələli formada dəyişdirilməsini məsləhət görürlər. Bunun üçün yatma və oyanma saatlarını bir neçə gündən bir tədricən erkən vaxta çəkmək, səhərlər uşağın gün işığı almasını təmin etmək və gün ərzində fiziki aktivliyini artırmaq tövsiyə olunur. Axşam saatlarında isə işıqlandırma və aktiv fəaliyyətlər azaldılmalı, yatmazdan əvvəl kitab oxumaq kimi sakit rutinlər yaradılmalıdır.

Telefon, planşet və kompüterdən istifadə də uşaqların yuxuya getməsini çətinləşdirə bilər.

Bu səbəbdən yatmazdan ən azı bir saat əvvəl ekranlardan uzaq qalmaq məsləhət görülür. Valideynlərin də uşağın yanında bu qaydaya əməl etməsi yeni rejimin formalaşmasına kömək edə bilər.

Uşaq müntəzəm yatmasına baxmayaraq səhərlər çətin oyanırsa, gün ərzində həddindən artıq yuxulu olursa, yüksək səslə xoruldayırsa və ya yuxu zamanı nəfəsində fasilələr yaranırsa, bu hallar mütəxəssis tərəfindən qiymətləndirilməlidir.

Mütəxəssislərin fikrincə, uşağın diqqətini toplaması, öyrənməyə hazır olması və gün ərzində daha balanslı olması üçün keyfiyyətli yuxu rejimi mühüm əhəmiyyət daşıyır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR