Şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Deputatdan AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində yalnız ata adının deyil, ana adının da qeyd olunması ilə bağlı müzakirələr aparılır.
Kampaniyanı dəstəkləyənlər hesab edirlər ki, valideynlərin hər ikisinin adının sənəddə əks olunması daha ədalətli yanaşma olar və ata adının ana adından üstün tutulması aradan qaldırılmalıdır.
Azərbaycan şəxsiyyət vəsiqələrində ata adı ilə yanaşı ana adının da göstərilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac varmı? Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, sosial mediada yayılan ictimai təşəbbüsün Milli Məclisdə müzakirəyə çıxarılması qanunvericilikdə müəyyənləşdirilən prosedurlara uyğun aparılmalıdır.

Onun sözlərinə görə, hazırkı qanunvericilik aktları şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı və atasının adının göstərilməsini birbaşa müəyyən edir. Ana adı isə şəxsiyyət vəsiqəsinin rekvizitləri sırasında yoxdur. Qərarın qəbulu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3-cü maddəsinə dəyişiklik edilməsini tələb edir.
Millət vəkili qeyd edib ki, mövzunu “ata ilə ananın bərabərliyi” prizmasından qiymətləndirmək kifayət etmir:
“Çünki valideynlik məlumatının dövlət reyestrində saxlanması və onun şəxsiyyət vəsiqəsinin üzərində görünməsi müxtəlif hüquqi prinsiplərə uyğun tənzimlənir. Azərbaycanda ana haqqında məlumat onsuz da dövlət qeydiyyat sistemində mövcuddur. Doğumun dövlət qeydiyyatı zamanı həm ata, həm də ana barədə məlumat akt qeydinə və doğum haqqında şəhadətnaməyə daxil edilir. Mövcud vəziyyətdə söhbət dövlətin ananı “tanımamasından” getmir, müzakirə olunan məsələ bu məlumatın şəxsiyyət vəsiqəsinin üzərində də göstərilib-göstərilməməsidir”.
Z.Oruc nəzərə çatdırıb ki, beynəlxalq təcrübə vahid model göstərmir:
“Beynəlxalq təcrübədə üç əsas yanaşma görünür. Birinci modeldə yalnız şəxsin öz identifikasiya məlumatları əks olunur. Gürcüstanın elektron şəxsiyyət vəsiqəsində ad, soyad, doğum tarixi və yeri, vətəndaşlıq, cins, şəxsi nömrə və digər identifikasiya məlumatları var; nə ata, nə də ana adı ayrıca göstərilir. Bir çox Avropa ölkəsində də yanaşma belədir: valideynin kimliyi şəxsin kart üzərində identifikasiyası üçün zəruri məlumat hesab edilmir.
İkinci model ənənəvi sistemdir. Ukraynanın daxili şəxsiyyət sənədində “patronymic” - ata adı ayrıca sahədir. Əgər şəxsin hüquqi adının tərkib hissəsi deyilsə, sahə boş qala bilər. Azərbaycan hazırda bir çox ölkələrdə mövcud olan modelə daha yaxındır.
Üçüncü formada hər iki valideyn göstərilir. İspaniyanın 2025-ci ildən qüvvədə olan DNI qaydalarına görə kartın arxa hissəsində “Nombre de los progenitores” - valideynlərin adları göstərilir. Portuqaliyanın "Citizen Card" sistemində isə “filiação” - valideynlik məlumatı kartın görünən identifikasiya elementlərindən biridir və doğum qeydiyyatındakı valideynlərə əsaslanır”.
Parlamentari vurğulayıb ki, təklifin mənəvi arqumenti başadüşüləndir:
“Hazırkı vəsiqədə yalnız ata adının göstərilməsi patriarxal ənənənin hüquqi sənəddə davamı kimi qiymətləndirilə bilər. Ana adının da göstərilməsi valideynliyin hər iki tərəfinin dövlət sənədində bərabər görünməsi baxımından simvolik əhəmiyyət daşıya bilər. Amma hüquqi nöqteyi-nəzərdən ata adının mövcudluğu ilə ana adının olmamasını avtomatik diskriminasiya kimi təqdim etmək çətindir. Ata adı Azərbaycan hüququnda sadəcə “atanın kimliyi haqqında məlumat” mənasında qəbul olunmur, şəxsin hüquqi ad sisteminin ənənəvi komponentidir. “Əli Məmməd oğlu Vəliyev” konstruksiyasındakı “Məmməd oğlu” valideynlik məlumatı olmaqla yanaşı adın hüquqi quruluşunun bir hissəsidir. Ana adının əlavə edilməsi isə iki fərqli şəkildə edilə bilər: şəxsin adının yeni komponenti kimi — məsələn, ata və ana adı. İkincisi isə şəxsiyyət vəsiqəsində ayrıca “Valideynlər” məlumatı kimi əksini tapması müzakirə oluna bilər. Əgər məqsəd valideynlər arasında simvolik bərabərliyi təmin etməkdirsə, “ata adı” institutunu mexaniki şəkildə “ana adı” ilə qoşalaşdırmaq əvəzinə, kartda ayrıca “Valideynlər: ata / ana” sahəsinin olub-olmaması kimi sualı qoymaq olar. İspaniya və Portuqaliya modeli də buna daha yaxındır”.
Z.Orucun fikrincə, əsas sual ana adının əlavə olunub-olunmamasından çox, dəyişiklik qəbul edilərsə onun necə tətbiq ediləcəyidir. Deputat məsələnin maddi tərəfinə də toxunub:
“Əgər qanun qəbul edilərək bütün mövcud şəxsiyyət vəsiqələrinin qısa müddətdə məcburi dəyişdirilməsi tələb olunarsa, nəticəsi kifayət qədər böyük inzibati əməliyyata çevrilər. 2019-cu il siyahıya alınmasında Azərbaycanın 15 yaşdan yuxarı əhalisi təxminən 7,65 milyon nəfər idi; sonrakı demoqrafik artımı nəzərə alsaq, hazırda potensial yetkin kart sahiblərinin sayı daha yüksəkdir. Üstəlik, şəxsiyyət vəsiqələri uşaqlara da verilir.
Adi qaydada vəsiqənin 10 iş günü ərzində verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu 5 manatdır. Təkcə 8 milyon kartın eyni vaxtda 5 manatlıq ən aşağı tariflə dəyişdirilməsi nəzəri olaraq götürülsə, vətəndaşların ödəyəcəyi məbləğ 40 milyon manat edər. Yetəricə yüksək rəqəmdir. Lakin iş yükü rüsumla başa çatmır. Yeni kart blanklarının dizaynı, çip məlumat strukturunun yenilənməsi, İAMAS və digər dövlət informasiya sistemlərinin uyğunlaşdırılması, proqram təminatı, terminallar, sertifikatlaşdırma və milyonlarla vətəndaşın ASAN xidmət və DİN infrastrukturu vasitəsilə yenidən qəbul edilməsi də tələb olunardı.
Ona görə kütləvi məcburi dəyişdirmə ən zəif variantdır. Ən az xərc yaradan yol mövcud vəsiqələri etibarlılıq müddəti bitənədək qüvvədə saxlamaqdır. Azərbaycan vəsiqələrinin əsas etibarlılıq müddəti 10 ildir.
Daha az xərc tələb edən başqa bir variant ana haqqında məlumatı kartın vizual səthinə deyil, elektron daşıyıcıya və ya dövlət reyestrində əlçatan əlavə məlumat sahəsinə daxil etməkdir. Amma yeni halda kampaniyanın əsas ideyası- ananın da sənəd üzərində görünməsi - tam təmin olunmur”.
“Ona görə də birbaşa qanun layihəsindən əvvəl Ədliyyə Nazirliyi, DİN, ASAN xidmət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquqşünaslar və informasiya sistemləri üzrə mütəxəssislərin iştirakı ilə qısa ictimai müzakirə keçirilməsi faydalı olar. Məsələni yalnız “ata adının yanına ana adını da yazaq” formasında qoymaq kifayət deyil. Əsas sual müasir Azərbaycan şəxsiyyət vəsiqəsində valideynlik məlumatının hansı prinsiplə əks olunmasıdır.
Müzakirələrdən sonra hər iki valideynin adının göstərilməsi daha ədalətli və məqsədəuyğun model hesab edilərsə, dəyişiklik bütün vəsiqələri birdən yeniləmək əvəzinə, yeni verilən və növbəti dəfə dəyişdirilən sənədlərdən başlayaraq mərhələli tətbiq olunmalıdır. Belə yanaşma həm qadın və kişinin valideyn kimi bərabər statusu barədə ictimai tələbə cavab verər, həm də dövlət və vətəndaş üçün əlavə böyük büdcə və inzibati yük yaratmaz”, – komitə sədri sonda vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az






