Logo

Onlara qarşı ədalətsiz davranış qadağan edildi

Onlara qarşı ədalətsiz davranış qadağan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunacaq.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu mexanizmlərin tətbiqində əsas məqsəd təşkilatlarda şəffaflığın artırılması, korrupsiya faktlarının üzə çıxarılması və qarşısının alınması, eləcə də cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılmasıdır.

Eyni zamanda, korrupsiya hallarının baş verməsini istisna edən şəraitin yaradılması nəzərdə tutulub. Qanun layihəsində məlumat verən şəxslərin hüquqlarının qorunması ilə bağlı bir sıra prinsiplər müəyyənləşdirilib. Bunlara qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquqlarına hörmət, ayrı-seçkiliyə yol verilməməsi, məlumat vermənin könüllülüyü və bərabərlik prinsipləri daxildir. Bundan başqa, məlumat verən şəxsin kimliyinin məxfiliyinin qorunması nəzərdə tutulur.

Belə məlumatlar yalnız həmin şəxsin yazılı razılığı ilə açıqlana bilər. Layihəyə görə, şəxs əhəmiyyətli yanılmanın təsiri altında korrupsiya faktı barədə məlumat verdikdə belə, onun müdafiəsi təmin edilməlidir. Məlumatları qəbul edən qurumların isə müstəqil, obyektiv və qərəzsiz fəaliyyəti əsas götürülür. Sənəddə, həmçinin məlumat verən şəxslərin əmək və peşə fəaliyyətlərinə qanunsuz müdaxilənin, eləcə də onlara qarşı ədalətsiz rəftarın qarşısının alınması nəzərdə tutulur. Tətbiq ediləcək həvəsləndirmə və müdafiə tədbirləri isə mütənasib olmalıdır. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR