Bu şəxslərə mükafat veriləcək - RƏSMİ
Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən və məlumatı təsdiqini tapan şəxslərə maddi mükafat ödənilməsi nəzərdə tutulub.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, verilən məlumat təsdiqləndiyi halda təşkilat rəhbərinin qərarı ilə həmin təşkilatın büdcəsi hesabına məlumat verən şəxsə mükafat ödəniləcək
Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən artıq olmayacaq. Məbləğ müəyyən edilərkən hüquqpozmanın xarakteri, aşkar edilən faktların sayı, məlumatın pozuntunun üzə çıxarılmasındakı əhəmiyyəti, vurulmuş zərərin həcmi və bərpa edilmiş aktivlər nəzərə alınacaq.
Məlumatın təsdiqləndiyi barədə şəxsə bildiriş göndərildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəniş həyata keçirilməlidir. Qanun layihəsində cinayət işləri ilə bağlı ayrıca mükafatlandırma qaydası da müəyyənləşdirilib. Belə ki, müvafiq şərtlər daxilində xüsusi müsadirədən əldə olunan vəsaitin, dövlət büdcəsinə ödənilən məbləğin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə veriləcək. Xüsusi müsadirədən əldə olunan vəsait hesablanarkən müvafiq xərclər əvvəlcədən çıxılacaq.
Bəsti Rəfizadə
Sfera.az






