“Yaxşı işi, evi, maşını olsun” – O kişilərin də öz tələbi var...

“Yaxşı işi, evi, maşını olsun” – O kişilərin də öz tələbi var...
Kateqoriya məlum deyil
T

Azərbaycanda ailə qurmaq və həyat yoldaşı seçimi zamanı tərəflərin bir-birindən gözləntiləri son illər tez-tez müzakirə olunan mövzulardan biridir.

Xüsusilə yüksək gəlir, ev və avtomobil kimi maddi tələblərin ön plana çıxması bu məsələyə iqtisadi baxımdan da yanaşmağı mümkün edir.

Sfera.az xəbər verir ki, iqtisadçı Eyyub Kərimli bu mövzuya diqqət çəkərək qadınların həyat yoldaşı seçimində irəli sürdüyü tələbləri iqtisadiyyatın tələb və təklif qanunu ilə müqayisə edib.

İqtisadçı bildirib ki, Azərbaycanda 20-30 yaş arasında təxminən 700 min kişi var. Onun hesablamalarına görə, bu şəxslərin təxminən 500 mini iqtisadi fəaliyyətlə məşğuldur:

“Həmin 500 min işləyən gənc kişinin yalnız 50-70 mininin aylıq gəliri 2 min manatdan çoxdur. Yalnız aylıq gəlirin 2 min manatdan yüksək olması meyarı götürülsə belə, təxminən hər 7 işləyən gənc kişidən yalnız biri bu göstəriciyə uyğun gəlir. Həyat yoldaşı seçimi zamanı səsləndirilən “yaxşı işi olsun, maaşı yüksək olsun, evi və maşını olsun” kimi tələblər əlavə şərtlərin seçim imkanlarını daha da məhdudlaşdırır. İqtisadiyyatda isə sadə bir qayda var: təklif məhdud, tələb yüksəkdirsə, rəqabət artır”.

İqtisadçı hesab edir ki, “ev + maşın + yüksək maaş + bütün digər üstünlüklər” şəklində formalaşan gözləntilər kütləvi şəkildə qarşılanan tələblər deyil. Üstəlik, onun sözlərinə görə, həmin kriteriyalara cavab verən kişilərin də öz seçimləri və tələbləri var:

“Deməli, məsələ yalnız “mən kimi istəyirəm?” sualı deyil. Bir də “mənim istədiyim insan məni seçəcəkmi?” sualı var. Ailə qurarkən hazır ev, avtomobil və yüksək maaşdan daha çox insanın xarakterinə, məsuliyyətinə, zəhmətkeşliyinə və gələcəkdə bunları birlikdə yaratmaq potensialına diqqət yetirmək daha doğrudur. Çünki iqtisadiyyatda olduğu kimi, münasibətlərdə də arzular sonsuz, resurslar isə məhduddur”.

Firuzə Əliyeva

Sfer.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR