Misir Mərdanovdan jurnalistlərə dəstək gəldi: "Qəti qəbulolunmazdır"
"Şagirdlərin jurnalistləri döyməsi qəti qəbulolunmazdır. Mən belə bir hadisənin baş verməsinə çox təəssüf edirəm”.
Sfera.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verən hadisələrə münasibət bildirərkən deyib.
O, məktəbdə jurnalistlərə hücumu qınayıb və belə halların qarşısının alınmasında məktəb rəhbərliyinin üzərinə düşən məsuliyyətə diqqət çəkib. "Jurnalist gəlib həqiqəti ortaya qoysun, ona niyə hücum edirsən? Məktəb rəhbərliyi jurnalistin qarşısına çıxıb açıqlama versəydi, məncə, sonrakı hadisələr də baş verməzdi. Bütün bu hallar yaşanmazdı”, – deyə sabiq nazir qeyd edib.
Onun sözlərinə görə, müəllimlər şagirdlərin ailə vəziyyəti və psixoloji durumundan xəbərdar olmalı, xüsusilə də çətinlik yaşayan uşaqları diqqət mərkəzində saxlamalıdırlar. "Mənə elə gəlir ki, hər bir müəllim dərs dediyi sinifdə uşaqların hansı ailədən gəldiyini, ailədə münasibətlərin necə olduğunu və uşağın psixoloji vəziyyətini bilməlidir. Bu cür uşaqları məktəb rəhbərliyi daim diqqət mərkəzində saxlamalıdır. Təəssüf ki, bir çox hallarda bu adi tələbləri belə yerinə yetirmirik. Ona görə də belə hadisələr baş verir. Bundan hər birimiz dərs çıxarmalıyıq ki, bir daha belə hallar təkrarlanmasın”, – deyə Sabiq nazir vurğulayıb.
Onun sözlərinə görə, çətin ailə şəraitində böyüyən və psixoloji problemlər yaşayan uşaqlara məktəbdə xüsusi diqqət göstərilməlidir: "Belə vəziyyətdə olan uşaq daim diqqət altında olmalıdır. Çətin valideynlərdən, problemli ailələrdən gələn uşaqlar məktəb direktorunun, onun müavininin, sinif rəhbərinin və müəllimlərin diqqətində olmalıdır. Çox təəssüf ki, bir çox hallarda bu məsələlərə diqqət yetirmirik və başımıza belə faciələr gəlir. Və bu faciələr məktəbin və müəllimin nüfuzdan düşməsinə gətirib çıxarır. Ən pisi odur ki, bütün ölkədə belə bir hadisənin baş verdiyi barədə xəbər yayılır. Bu, əlbəttə, məktəbə şərəf gətirən hal deyil. Bu uşağı qətiyyən tək buraxmaq olmazdı”.
Xatırladaq ki, oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılıb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Musavat.com-a verilən özəl məlumata görə, hadisədən əvvəl şagirdin öz əli ilə yazdığı məktub tapılıb. Lakin məktubun məzmunu açıqlanmayıb. Azyaşlının mərhum anası üçün darıxdığına görə həyatına qəsd edə biləcəyi barədə iddialar səslənsə də, məktəbin psixoloqu və müəllimləri bu iddianı hələlik təkzib edirlər.






