Logo

"Jurnalistə qarşı hücum əvvəlcədən təşkil olunmuşdu"

"Jurnalistə qarşı hücum əvvəlcədən təşkil olunmuşdu"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Jurnalistlərə qarşı hücum əvvəlcədən təşkil olunmuşdu"

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Bakıda yerləşən 225 nömrəli tam orta məktəbdə insident baş verib.

Bir qrup şagirdin jurnalistlərə qarşı aqressiv davranaraq onlara hücum etdiyi və fiziki zorakılıq göstərdiyi bildirilir. Hadisə məktəblərdə nizam-intizam qaydalarına əməl olunması, şagirdlərin davranışına nəzarət və məktəb rəhbərliyinin məsuliyyəti məsələlərini yenidən gündəmə gətirib.

Bəs baş verənlərə görə məsuliyyət kimin üzərinə düşür? Hadisəyə görə yalnız şagirdlər cavabdeh olmalıdırlar, yoxsa məktəb rəhbərliyinin və müvafiq təhsil qurumlarının da məsuliyyəti araşdırılmalıdır? Məktəblərdə bu cür halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Sfera.az-a açıqlama verib. O, son bir ay ərzində ölkənin təhsil gündəmində Nazirlər Kabinetinin 96 və 325 saylı qərarlarının icrası zamanı yaradılan süni maneələr və çətinliklər müzakirə olunduğunu və təəssüf ki, təhsil idarəetmə orqanları, o cümlədən məktəb rəhbərlərinin bu qərarları birtərəfli qaydada həyata keçirdiklərini açıqlayıb:

"Jurnalistə qarşı hücum əvvəlcədən təşkil olunmuşdu"

“Hətta dövlət qərarlarının icrasına qarşı müəyyən sabotaj hallarının olduğu hiss olunur. Təhsil mütəxəssisləri, ziyalılar və qanunvericilər dəfələrlə bildiriblər ki, bu qərarlar hicaba və ya baş örtüyünə qarşı deyil. Lakin reallıqda məktəblərdə baş örtüyü taxan şəxslərə qarşı həmin qərarların tətbiq olunduğunu görürük. Onların bir qismi işdən çıxarılır, bəzi şagirdlər isə məktəbə gəlsələr də, təhsil müəssisəsinə buraxılmırlar. Təbii ki, qanunvericiliyin tələblərinin tətbiq olunması vacibdir. Ancaq digər tərəfdən, həm təhsil verənlər, həm də təhsil alanlar arasında geyim qaydalarına əməl etməyən kifayət qədər insan var. Söhbət baş örtüyündən deyil, açıq-saçıq geyimlərdən və məktəbli formasının tələblərinə əməl edilməməsindən gedir. Buna baxmayaraq, məktəb rəhbərləri həmin hallara qarşı heç bir tədbir görmürlər. Nəticədə cəmiyyətdə baş verənlərin hicaba qarşı olduğu barədə fikir formalaşır. Belə bir təsəvvürün yaradılması, məncə, dövlət qərarlarının icrasına qarşı süni narazılığın formalaşdırılmasına və cəmiyyətdə əks fikirlərin yaranmasına səbəb olur. Bu, bir növ sabotaj təsiri bağışlayır”.

Mütəxəssis 225 saylı məktəbdə baş verən hadisəyə görə birbaşa direktorun məsuliyyət daşıdığını açıqlayıb:

“13, 14 və ya 15 yaşlı uşaqların tanımadıqları jurnalistlərə qarşı bu cür aqressiv davranması, onlara hücum etməsi inandırıcı görünmür. Mən hesab edirəm ki, bu hadisə əvvəlcədən təşkil olunmuş ola bilər. Düşünürəm ki, məktəb rəhbərliyinin və ya orada çalışan şəxslərin, xüsusilə də müavinlərdən birinin şagirdləri qızışdırması ehtimalı araşdırılmalıdır. Bununla belə, görünən odur ki, həmin müavin də belə bir addımı öz təşəbbüsü ilə atmaya bilər. Yəqin ki, hüquq-mühafizə orqanları hazırda məsələni araşdırırlar. Hesab edirəm ki, bu hadisəyə görə məktəb rəhbərliyi və məktəbin əməkdaşları da məsuliyyət daşıyırlar. Bir daha qeyd edirəm ki, 13-15 yaşlı uşaqların tanımadıqları insanlara qarşı bu cür vəhşicəsinə zorakılıq göstərməsi ciddi suallar doğurur. Məncə, şagirdləri bu cür davranışa sövq edən şəxslər ola bilər. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində şagirdlərin özlərinin də hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verəcəklərini düşünürəm. Burada əsas məsələ vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şagirdləri bu cür anormal hadisələrə cəlb etmək ehtimalıdır. Bir daha vurğulayıram ki, məktəb rəhbərliyi bu məsələdə məsuliyyət daşıyır. Təhsil idarəetmə orqanlarının fəaliyyətində və idarəetmə prosesində ciddi boşluqlar olduğu görünür. Hadisəyə hüquqi qiyməti isə təbii ki, hüquq-mühafizə orqanları verəcəklər. Şagirdlərdən bu şəkildə istifadə edilməsi çox təəssüfedici haldır”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR