Elçin Şıxlı: "Jurnalisti təpik altı etmək olmaz"
Oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdinin dördüncü mərtəbədən yıxılaraq ölməsi ilə bağlı çəkiliş aparan REAL TV-nin əməkdaşları hücuma məruz qalıblar.
Hadisə zamanı telekanalın operatoru və digər əməkdaşları xəsarət alıblar. Məlumata görə, insidentlə bağlı bir neçə nəfər saxlanılıb və araşdırma aparılır.
Hadisə jurnalistlərin həssas mövzuları işıqlandırarkən təhlükəsizliyinin təmin olunması, onların fəaliyyətinə maneələrin qarşısının alınması və media nümayəndələrinə münasibətdə etik davranış qaydalarının əhəmiyyətini bir daha gündəmə gətirib. Xüsusilə bu kimi hallar tez-tez təhsil müəssisələrində baş verir.
Jurnalist peşə faəliyyətini yerinə yetirərkən məktəb rəhbərliyi tərəfindən verilən göstərişə əsasən, qadağalar qoyulur və peşə etikası ciddi şəkildə pozulur.
Bəs jurnalistlərin məktəblərdə araşdırma aparmasına maneə yaradılması, daha sonra isə onların fiziki zorakılıqla üzləşməsi mətbuat azadlığı və jurnalist toxunulmazlığı prinsipləri ilə nə dərəcədə uzlaşır?
Məktəb direktorlarının “yuxarıdan göstəriş gəlib” arqumenti ilə jurnalistləri təhsil müəssisələrinə buraxmaması nə qədər əsaslıdır? Təhsil sistemində media nümayəndələrinə qarşı bu cür münasibətin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Azərbaycan Jurnalistləri Birliyinin sədri Elçin Şıxlı Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, jurnalistlər öz peşə fəaliyyətlərini yerinə yetirməyə çalışdıqları zaman onlara hər hansı şəkildə müdaxilə edilməsi, döyülməsi, əzilməsi və işlərinə mane olunması yolverilməzdir:
“Bizdə adətən informasiyanı, yaxud baş verən hadisəni ört-basdır etməyə çalışırlar. Görünür, hansısa zəifliyin nəticəsində bu hadisə baş verib. Çünki uşaq dərsə girmirsə, buna müəllim cavabdehdir. Məktəb vaxtı uşağın başına hər hansı hadisə gəlirsə, buna məktəb, müəllimlər və direktor məsuliyyət daşıyırlar. Bu baxımdan, görünür, hadisəni ört-basdır etmək istəyirlər. Məhz onlar da baş verən boşluqları jurnalistlərin üzə çıxarmaması üçün informasiyanı gizlədirlər”.
Əməkdar jurnalist təhsil strukturları tərəfindən verilən açıqlamaya da öz münasibətini bildirib:
“Təhsil strukturları tərəfindən verilən yeni açıqlamada bildirilir ki, jurnalistlər etik qaydaları qorumalı, digər uşaqların psixikasına mənfi təsir göstərməməlidirlər və s. Hadisə baş verib və uşaqlar bunu hamıdan əvvəl görüblər. Jurnalist araşdırma aparır, informasiyanı öyrənməli, kimdənsə nə isə soruşmalıdır. Təbii ki, azyaşlı uşaqları israrla danışdırmaq düzgün deyil. Amma eyni zamanda onu da bilmək lazımdır ki, operator sual verən şəxs deyil, o, yalnız çəkiliş aparır. Onun yanında redaktor və müxbir olur. Operatorun niyə döyüldüyü isə başqa məsələdir. Təbii ki, biz də etik qaydaları qorumalı, kobud şəkildə işləməməliyik. Amma bu, heç də o demək deyil ki, jurnalistlərə əl qaldırmaq, onları təpiyin altına salıb döymək olar. Mən belə düşünürəm ki, hadisəni törədən şəxslərlə yanaşı, hələ onların hamısının məktəbli olub-olmadığı da məlum deyil və həmin məktəbin müdiriyyəti də məsuliyyətə cəlb olunmalıdır. Həmin uşaqların valideynləri də cəzalandırılmalıdır. Bunun hansı şəkildə həyata keçiriləcəyini hüquq-mühafizə orqanları müəyyən edə bilər. Çünki insanlara belə tərbiyə vermək olmaz. Siz kimsiniz, sizə kim icazə verib ki, hələ həddi-büluğa çatmamış şəxslər özlərindən böyüklərə əl qaldırsın, kimisə döysünlər? Əgər sən jurnalisti, özündən böyük bir adamı döyürsənsə, sabah evdə valideyninə də əl qaldıracaqsan, küçədə gedən böyüklə də belə davranacaqsan. Deməli, sən böyüyə və kiçiyə hörmət etməyi, onlarla münasibətdə necə davranmalı olduğunu başa düşmürsən. Belələrini cəzalandırmaq lazımdır ki, başqalarına da görk olsun”.
Bəsti Rəfizadə






