Tək övladlı ailələr: Uşağın inkişafına necə təsir edir?

Son illərdə ailələrdə uşaq sayının azalması və tək uşaqlı ailələrin artması diqqət çəkir.
Bəs ailədə bir uşağın olması uşağın psixologiyasına necə təsir edir? Tək böyümək onun sosiallaşmasına, məsuliyyət hissinə və gələcək münasibətlərinə təsir göstərə bilər?
Psixoloq Almara Məlikova Sfera.az-a açıqlamasında bildirib ki, əsas məsələ ailədə uşaqların sayından çox, uşağa göstərilən münasibət və tərbiyə modelidir.
Psixoloqun sözlərinə görə, ailənin yeganə övladı olmaq öz-özlüyündə nə üstünlük, nə də psixoloji problem hesab olunur:
"Tək uşaqlar valideynlərinin bütün diqqət və qayğısını üzərlərində hiss etdikləri üçün bu, onların özünə inamının və təhlükəsizlik hissinin formalaşmasına müsbət təsir göstərə bilər. Böyüklərlə daha çox ünsiyyətdə olduqları üçün onların nitqi, özünüifadə bacarığı və müəyyən mövzularda düşüncə tərzi daha erkən inkişaf edir".
A. Məlikova vurğulayıb ki, uşağın bütün ailə həyatının mərkəzinə çevrilməsi isə müəyyən çətinliklər yarada bilər:
"Belə ki, hər istəyinin dərhal yerinə yetirilməsi və həddindən artıq qorunması uşağın “yox” cavabını, məğlubiyyəti və istəklərinin gecikməsini qəbul etməsini çətinləşdirir".

Psixoloq tək böyüməyin uşağın sosiallaşmasına mütləq şəkildə mane olmadığını da bildirib. Onun sözlərinə görə, bacı-qardaş uşağın ilk sosial münasibət təcrübələrindən biridir:
"Uşaq evdə paylaşmağı, növbə gözləməyi, mübahisə edib barışmağı və güzəştə getməyi öyrənir. Tək uşağın isə bu təcrübələri ailədən kənarda qazanmasına şərait yaratmaq lazımdır. Bağça, məktəb, oyun qrupları, idman və müxtəlif kollektiv fəaliyyətlər vasitəsilə yaşıdları ilə müntəzəm ünsiyyət vacibdir".
A. Məlikova məsuliyyət hissinin formalaşmasında da valideynlərin davranışının mühüm rol oynadığını diqqətə çatdırıb:
"Valideynlərin uşağın bütün işlərini onun əvəzinə görməsi onun yaşına uyğun məsuliyyət götürməsinə mane ola bilər. Əksinə, uşağa seçim etmək, qərarlarının nəticəsini görmək və müəyyən vəzifələri yerinə yetirmək imkanı verilməsi məsuliyyət hissinin sağlam şəkildə inkişafına kömək edir".
Psixoloq tək övlad olmağın gələcək münasibətlərə də müəyyən təsir göstərə biləcəyini deyib:
"Əgər uşaq ailədə daim diqqət mərkəzində olubsa və hər kəsin ona uyğunlaşmasına öyrəşibsə, gələcəkdə dostluq və romantik münasibətlərdə kompromisə getmək, qarşı tərəfin ehtiyaclarını nəzərə almaq və diqqəti bölüşmək onun üçün çətin ola bilər".
Bununla belə, bu xüsusiyyətlərin bütün tək uşaqlara aid edilməsinin doğru olmadığını vurğulayan psixoloq cəmiyyətdə mövcud olan stereotiplərə də diqqət çəkib. Onun sözlərinə görə, uşağın eqoist, paylaşmağı bacarmayan və ya sosial cəhətdən zəif olması yalnız bacı-qardaşının olub-olmaması ilə müəyyən edilmir.
A. Məlikova valideynlərə tövsiyə edib ki, tək uşağı “evin şahzadəsi” kimi deyil, sevgi ilə yanaşı, məsuliyyətləri və sərhədləri olan ailə üzvü kimi böyütsünlər. Mütəxəssis uşağın hər istəyinin yerinə yetirilməməsinin, paylaşmağı, gözləməyi, “yox” cavabını qəbul etməyi, məğlub olduqda yenidən cəhd etməyi öyrənməsinin vacib olduğunu bildirib.
İradə Elsevər






