İnsanlar pis xəbərləri "sevir": "Xüsusi mexanizm formalaşıb"

Gündəlik həyatda mənfi xəbərlərin daha çox diqqət çəkməsi tez-tez müşahidə olunur. İnsanlar təhlükə, böhran və faciə ilə bağlı məlumatlara daha həssas reaksiya verir və belə xəbərləri daha çox oxumağa meyilli olurlar.
Sfera.az xəbər verir ki, psixoloq Həsənağa Səlimzadə insanların mənfi xəbərlərə daha çox maraq göstərməsinin səbəblərini açıqlayıb.
Psixoloqun sözlərinə görə, insan beynində təhlükəyə qarşı xüsusi diqqət mexanizmi formalaşıb:
"Bu səbəbdən mənfi və təhlükəli xəbərlər daha tez diqqət çəkir və uzun müddət yadda qalır. Xoş xəbərlər həyati təhlükə yaratmadığı üçün beyin onları daha az önəmli hesab edə bilər. Mənfi xəbərlər isə insanda təhlükə hissi yaradaraq diqqətin həmin məlumat üzərində cəmlənməsinə səbəb olur".

H.Səlimzadə qeyd edib ki, mənfi xəbərləri oxumağa davam etməyimizin səbəblərindən biri də qeyri-müəyyənlikdən qorunmaq istəyidir. Psoxoloq söylədi ki, insan baş verə biləcək təhlükələr barədə əvvəlcədən məlumat əldə etməklə özünü daha hazırlıqlı hiss edir:
“Müharibə, böhran və digər ağır hadisələrin yaşandığı cəmiyyətlərdə bu meyl daha güclü ola bilər. Belə mühitdə insanlar pis xəbərləri izləməyi mümkün təhlükələrdən xəbərdar olmaq və özlərini qorumaq vasitəsi kimi qəbul edirlər”.
H.Səlimzadənin sözlərinə görə, insanın şəxsi həyatındakı çətinliklər yaxşı xəbərlərə olan münasibətinə də təsir göstərə bilər:
"Bəzi hallarda başqasının uğuru və ya müsbət xəbəri insanda narahatlıq yaradır və həmin xəbəri kiçiltmək, şübhə altına almaq kimi psixoloji müdafiə mexanizmləri işə düşür”.
İradə Elsevər






