Orta maaşla 10 il, minimum maaşla 29 il! – Mənzil bazarında acı reallıq

Mənzil bazarında qiymət artımı gənclərin ev sahibi olmaq arzusunu çətinləşdirir. Aylıq gəlirlə mənzil qiymətləri arasındakı fərq isə problemin daha da dərinləşdiyini göstərir.
Sfera.az xəbər verir ki, iqtisadçı Asif İbrahimovun fikrincə, gənclərin ev sahibi olması üçün mövcud gəlir səviyyəsi kifayət etmir.
İqtisadçı bildirib ki, Azərbaycanda mənzil problemi artıq təkcə daşınmaz əmlak bazarı ilə məhdudlaşmır:
“Bu məsələ gəlir səviyyəsi, sosial ədalət, ailə quruculuğu və nəsillərarası iqtisadi bərabərliklə birbaşa əlaqəlidir. Minimum əməkhaqqının 400, orta əməkhaqqının isə 1103 manat olduğu şəraitdə gənclərin mənzil sahibi olması real imkanlardan xeyli uzaqdır. Bakıda yeni tikili mənzillərin orta qiyməti nəzərə alındıqda, 50 kvadratmetrlik mənzilin dəyəri təxminən 140 min manat təşkil edir. Bu isə orta əməkhaqqı alan şəxsin maaşını tam yığdığı halda belə mənzil almaq üçün 10 ildən çox, minimum əməkhaqqı alan şəxs üçün isə 29 ildən artıq müddət tələb edir. Halbuki vətəndaş gündəlik yaşayış, kommunal, nəqliyyat və ailə xərclərini də qarşılamaq məcburiyyətindədir”.

A. İbrahimovun fikrincə, problemin həlli yalnız ipoteka kreditlərinin artırılması ilə mümkün deyil. O hesab edir ki, bazarda münasib qiymətli mənzil təklifi artırılmadan əlavə kreditlər yalnız tələbi yüksəldir və nəticədə qiymətlərə də təsir göstərir:
"Bu səbəbdən ipoteka sistemi daha çox kredit verməyə deyil, vətəndaşı real mənzil sahibi etməyə xidmət etməlidir".İqtisadçı ilk dəfə ev alanlar üçün dövlət zəmanəti, gənc ailələrə faiz subsidiyası, gəlirə uyğun ipoteka modeli və "kirayə et, sonra al" mexanizmlərinin tətbiqini təklif edib. O, həmçinin mənzil bazarında şəffaflığın artırılmasının, çoxsaylı mənzil sahibliyi ilə bağlı məlumatların açıqlanmasının və tikinti sektorunda rəqabətin gücləndirilməsinin qiymətlərin əlçatanlığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:“Mənzil siyasətinin əsas məqsədi gəncləri uzunmüddətli borclanmaya sövq etmək deyil, onların öz gəlirləri hesabına ev sahibi ola biləcəyi bazarın formalaşdırılması olmalıdır”.
İradə Elsevər







