Telefonla böyüyən uşaqlar - Onları hansı təhlükələr gözləyir?

Son illərdə uşaqların ekran qarşısında keçirdiyi vaxtın artması mütəxəssisləri narahat edir. Psixoloqun sözlərinə görə, nəzarətsiz telefon istifadəsi uşağın nitq, diqqət və sosial inkişafına mənfi təsir göstərə bilər.
Loqoped-psixoloq Günel Fərzəliyeva mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, telefon və planşetlərdən nəzarətsiz istifadə uşağın inkişafına mənfi təsir göstərir.
Onun sözlərinə görə, həyatın ilk illərində uşaqların ən çox canlı ünsiyyətə, göz təmasına, oyunlara və qarşılıqlı əlaqəyə ehtiyacı olur. Telefon isə bu təbii ünsiyyəti əvəz edə bilmədiyi üçün nitq inkişafında gecikmələr, diqqət və konsentrasiya problemləri, emosional tənzimləmədə çətinliklər, sosial bacarıqların zəifləməsi və öyrənmə prosesində problemlər yarana bilər.

Mütəxəssis telefonla böyüyən bütün uşaqlarda eyni problemlərin müşahidə olunmadığını, amma telefonların valideyn-uşaq ünsiyyətini əvəz etdikdə bu riskləri əhəmiyyətli dərəcədə artırdığını dedi.
G. Fərzəliyeva valideynlərə uşaqların gündəlik həyatında kitab oxumağa, birgə oyunlara, açıq havada fəaliyyətlərə və canlı ünsiyyətə daha çox yer verməyi tövsiyə edib:
"Uşağın inkişafı üçün ən güclü stimul ekran deyil, valideynin onunla qurduğu keyfiyyətli ünsiyyətdir. Texnologiya inkişafı dəstəkləyən vasitə ola bilər, lakin valideyn sevgisini, ünsiyyətini və oyunu əvəz edə bilməz".
İradə Elsevər
Sfera.az







