"Bakıda iş saatları dəyişdirilə bilər" - Tıxac HƏLLİ

Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. Artan avtomobil sayı, bəzi yerlərdə yol infrastrukturunun çatışmazlığı və dar yollar bu problem yaradan səbəblərdəndir.
Bu problemlərin həlli üçün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” da təsdiq edilib.
Maraqlıdır, bu istiqamətdə hansı işlər görülməlidir?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkənin bütün iqtisadi, elmi, ictimai, mədəni fürsətləri Bakıya toplanıb, regionlarda iş yerləri ilə bağlı problemlər olduqca, ictimai və mədəni həyat “boz” rəngdə qaldıqca, nəticə dəyişməyəcək.
Ekspertin sözlərinə görə, tıxacları yaradan çoxsaylı səbəblərdən biri də məktəb və universitetlərin işinin doğru qurulmamasıdır:
“2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 min 422 ümumi təhsil müəssisəsi var, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır. Məktəblərin cəmi 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərsə də, paytaxtda oxuyan şagirdlərin sayı 542 min 919 olub və ümumi şagirdlərin 31,8%-ni təşkil edib. Yəni, məktəblərin cəmi 8,8%-i Bakıda olsa da, ölkə üzrə oxuyan uşaqların 32%-ə yaxını Bakıda təhsil alır. Bakı məktəblərində təhsil verən müəllim sayı 30 mindən çoxdur.
Açığı, şagirdlərin neçə faizinin 1-ci və 2-ci növbədə oxuduqları ilə bağlı ayrıca statistika tapa bilmədim, amma, dəqiqdir ki, şagirdlərin böyük əksəriyyəti 1-ci növbədə təhsil alır. Beləliklə, hər gün səhər saat 07:15-08:00 arası 400 minə yaxın şagird, 30 min müəllim (rəqəmlər təqribidir, amma reallığa yaxındır) 389 dövlət, 28 özəl məktəbə tələsirlər.
Bu insanların hətta yarısı belə avtomobillə məktəblərə gəlsələr, bu o deməkdir ki, səhər saat 07:15-08:00 arası 200-250 min avtomobil yollara çıxır, uşaqları məktəbə aparır. 400 minə yaxın şagird və müəllimin 100 mini saat 08:00-də, 150 mini 09:00-da, 150 mini isə 10:00-da dərsə gəlsə, valideynlər üçün də iş yerlərində 8 saatlıq iş rejimi saxlamaqla əsnək iş rejimi tədbiq olunsa, pismi olar? İş saatları 08:00, 09:00, 10:00 başlaya bilər, 8 saatlıq iş rejimi qalmaqla ona nail olacağıq ki, axşam saatlarında da hamı birdən işdən dönməyəcək, çalışan insanlar 17:00-19:00 arası işdən çıxacaqlar ki, bu da axşam tıxaclarının, ictimai nəqliyyatın yükünün azalmasına səbəb olacaq”.
N.Cəfərli qeyd edib ki, bu yanaşma universitetlərdə də tətbiq oluna bilər.
“2024-cü ilin məlumatına görə Azərbaycanda bakalavr və magistrların hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub. Bunların böyük əksəriyyəti Bakı şəhərində təhsil alırlar.
Əlavə vəsait, xərc tələb etməyən həll yolları tapmaq olar ki, şəhər bir az nəfəs alsın. İctimai nəqliyyatın idarəetməsini təkmilləşdirməklə, tədris və iş saatlarını tənzimləməklə problemi bir xeyli azaltmaq mümkündür”,- ekspert əlavə edib.
Firuzə Əliyeva