“Dayə evdən oğurluq edirsə, onu işlə təmin etmiş şirkət də məsuliyyətə cəlb olunmalıdır” - Açıqlama
12:43 / 04.08.2021
1068
İşləyən anaların ən çox müraciət etdiyi xidmətlərdən
biri də dəyəlik xidmətidir. Son günlər isə sosial şəbəkələrdə dayələrlə bağlı
narazılıqların artdığı müşahidə edilir. Kimisi dayələrin övladlarına qarşı
kobud davranışlarından, kimisi də onların evdən oğurluq etdiyindən şikayətlənir.
Bəs bu sahədə əsas boşluq nədir? Problemin həlli
üçün hansı addımlar atılmalıdır?
Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq
Lalə Mehralı Sfera.az-a açıqlamasında deyib ki, dayələrin işə götürülməsi və
işlə təmin edilməsi məsələsində kifayət qədər boşluqlar var:
"Tələblər və təklifləri analiz etsək, işə
götürülən bütün dayələrin heç də təcrübəsi olmur, tərcümeyi-halı yaxşı
araşdırılmır, keçmişi barədə dəqiq məlumat əldə edilmir. Əgər bunlar olsaydı,
bu qədər oğurluq edilməz, dayələrin uşaqlara qarşı zorakılıq halları qeydə
alınmazdı. Bu baxımdan şirkətlərin məsuliyyəti artırılmalıdır. Yəni, əgər dayə
evdən oğurluq edirsə, ailənin güvənini sarsıdırsa, uşağa zor tətbiq edirsə, tək
dayənin özü deyil, onu işlə təmin edən şirkət də məsuliyyətə cəlb olunmalıdır.
Belədə onlar öhdəliklərini yaxşı qavrayar və işə həssas yanaşarlar”.
Müsahibimiz dayələrlə böyüyən uşaqların
problemlərindən də söz açıb:
"Düşünürəm ki, hər 10 valideyndən 8-i məcburiyyətdən
öz övladlarını dayələrə əmanət edirlər. Orta statistik Azərbaycan ailəsində bir
nəfərin maaşı ilə ailə dolandırmaq çətindir. Ata, ya ana işləyər, övlada biri
baxarsa, sosial problemlər yaranır. İqtisadi məsələlərin həlli axsayır. Buna
görə də, normal yaşayışı təmin etmək üçün valideynlərin hər ikisi işləmək məcburiyyətində
qalır və seçim dayə olur.
Günay Rəsulqızı