Yeni tədris ilində hansı yeniliklər olacaq? – Beş mühüm dəyişiklik

Yeni tədris ilində hansı yeniliklər olacaq? – Beş mühüm dəyişiklik
Kateqoriya məlum deyil
T

2026–2027-ci tədris ilində Azərbaycanda məktəbliləri bir sıra yeniliklər gözləyir. Yeni dərsliklər, rəqəmsal təhsilin regionlarda genişləndirilməsi, süni intellekt əsaslı öyrənmə imkanları, yeni təmayül modeli və inklüziv siniflərin artırılması təhsil gündəminin əsas istiqamətlərindəndir.

Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatlara əsasən, yeni tədris ilində şagirdlərin yalnız nəzəri biliklərlə deyil, həm də praktiki, rəqəmsal və tənqidi düşünmə bacarıqları ilə təmin olunmasına yönələn layihələr davam etdiriləcək.

Bir sıra dərsliklər yenilənmiş məzmunda tədris olunacaq

Yeni tədris ilində müxtəlif siniflər üzrə dərsliklər yenilənmiş məzmunda şagirdlərin istifadəsinə veriləcək.

Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, 2026–2027-ci tədris ili üçün IV sinifdə “Həyat bilgisi”, VII sinifdə “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII sinifdə “Coğrafiya”, IX sinifdə “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənib.

Yeni nəşrlərdə problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına yönələn tapşırıqlar artırılıb. Maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi mövzular da məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.

“Rəqəmsal məktəb” regionlara da yayılacaq

Elm və Təhsil Nazirliyinin 2025–2026-cı tədris ili üzrə hesabatında qeyd olunub ki, “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən 354 dövlət ümumtəhsil məktəbində istifadə olunur.

Platformadan 543 mindən artıq şagird, 360 mindən çox valideyn və 44 mindən artıq pedaqoji heyət üzvü olmaqla, ümumilikdə 900 mindən çox istifadəçi yararlanır.

Nazirliyin hesabatına əsasən, növbəti mərhələdə platformanın ölkənin digər regionlarında da tətbiqi nəzərdə tutulur. Sistem vasitəsilə tədris prosesinin elektron idarə olunması, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi və bir sıra proseslərin rəqəmsallaşdırılması həyata keçirilir.

Süni intellekt təhsilə daxil olur

Təhsil sahəsində ən diqqətçəkən istiqamətlərdən biri süni intellekt texnologiyalarının tətbiqidir.

Elm və Təhsil Nazirliyinin hesabatında bildirilib ki, 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması məqsədilə 2026-cı ilin may ayında nazirlik və “OpenAI” arasında əməkdaşlığa başlanılıb.

Hazırlanacaq platformanın şagirdlərin öyrənmə prosesini təhlil etməsi, onların səviyyəsinə uyğun material və tapşırıqlar təqdim etməsi, müəllimlərə isə şagirdlərin inkişafını izləmək imkanı verməsi nəzərdə tutulur.

Platformanın əvvəlcə pilot qaydada, daha sonra ölkə üzrə tətbiqi planlaşdırılır. Bununla belə, onun 2026–2027-ci tədris ilinin ilk günündən bütün məktəblərdə istifadəyə veriləcəyi barədə konkret tarix açıqlanmayıb.

Süni intellektdən müəllimlərin istifadəsi istiqamətində də addımlar atılır. Nazirliyin hesabatına görə, “Microsoft” ilə əməkdaşlıq çərçivəsində “Microsoft Copilot” həlli müəllimlərin istifadəsinə verilib. Alət dərs materiallarının hazırlanması, planlaşdırma və rəqəmsal məzmunun yaradılması kimi istiqamətlərdə istifadə oluna bilər.

2027-ci ildən xarici dil üzrə buraxılış imtahanında yazı bacarığı yoxlanılacaq

XI sinif şagirdləri üçün ən mühüm yeniliklərdən biri xarici dil üzrə buraxılış imtahanının modelindəki dəyişiklikdir.

DİM-in məlumatına görə, 2027-ci ildən tam orta təhsil səviyyəsində xarici dil üzrə buraxılış imtahanında yazı bacarığının qiymətləndirilməsi tətbiq ediləcək.

Yeni modeldə dinləyib-anlama, oxu, leksik-qrammatik biliklərlə yanaşı, yazı bacarığı da yoxlanılacaq. Şagirddən verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində bir abzasdan ibarət yazı yazması tələb olunacaq.

Bu dəyişikliklə şagirdlərin yalnız qrammatik bilikləri deyil, fikirlərini xarici dildə məntiqli və ardıcıl şəkildə ifadə etmək bacarığı da qiymətləndiriləcək.

DİM-in məlumatına görə, xarici dil üzrə yazı bacarığının qiymətləndirilməsi IX siniflərdə də tətbiq edilir. 2025-ci ildə ilk dəfə IX sinif buraxılış imtahanında şəkillər əsasında hekayə yazmaq tapşırığı təqdim olunub.

Yeni model müəllimlərin işinə də təsir edəcək. DİM 2026-cı il ərzində xarici dil müəllimləri ilə görüşlər keçirərək yazı tapşırığı və yeni qiymətləndirmə modeli ilə bağlı metodik tövsiyələr təqdim edib.

Yeni təmayül modeli 31 Bakı məktəbində tətbiq olunacaq

2026–2027-ci tədris ilində Bakı şəhərində yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərin sayı 31 olacaq.

Model X və XI sinif şagirdlərinin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə daha dərin bilik əldə etməsinə şərait yaratmaq məqsədi daşıyır.

Model əvvəlki tədris ilində pilot qaydada 13 şəhərdə yerləşən 14 ümumi təhsil müəssisəsində tətbiq olunub və 1500-dən çox X və XI sinif şagirdini əhatə edib.

Bakıda məktəbəqədər təhsilin göstəriciləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 2025–2026-cı tədris ilində BŞTİ-nin tabeliyində 333 məktəbəqədər təhsil müəssisəsində 37 401 uşaq təhsil alıb.

Həmçinin 295 ümumi təhsil müəssisəsində 928 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib və 21 384 uşaq bu qrupları başa vurub.

Beləliklə, 2026–2027-ci tədris ilində təhsil sahəsində əsas istiqamətlər dərsliklərin yenilənməsi, rəqəmsallaşma, süni intellektdən istifadə, təmayül və inklüziv təhsilin genişləndirilməsi, müəllimlərin peşəkar inkişafı və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi olacaq.

Xüsusilə 2027-ci ildən xarici dil üzrə buraxılış imtahanına yazı bacarığının əlavə olunması yuxarı sinif şagirdləri üçün mühüm dəyişiklik hesab olunur. Bu səbəbdən yeni tədris ilində şagirdlərin yalnız test tapşırıqlarına deyil, yazılı və praktik bacarıqlara da daha çox diqqət ayırması tələb olunacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR