Bakıda sıxlıq artır: Universitetlər distant təhsilə keçə bilərmi?

Bakıda sıxlıq artır: Universitetlər distant təhsilə keçə bilərmi?
Kateqoriya məlum deyil
T

Bakı şəhərində son illər daha da kəskinləşən nəqliyyat sıxlığının və tıxacların aradan qaldırılması məqsədilə ali təhsil müəssisələrində tədrisin qismən distant (onlayn) formaya keçirilməsi təklifi yenidən ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə praktiki laboratoriya və auditoriya işi tələb etməyən humanitar fənlərin onlayn formata adaptasiya olunmasının paytaxtın yollarına düşən yükü əhəmiyyətli dərəcədə azalda biləcəyi vurğulanır. Eyni zamanda, Bakı Metropolitenində həyata keçirilən irimiqyaslı təmir və tikinti işləri səbəbindən keçid stansiyaları arasındakı sərnişin axınının idarə edilməsinin çətinləşməsi, tələbələrin hərəkət intensivliyinin optimallaşdırılmasını və bu istiqamətdə təxirəsalınmaz çevik addımların atılmasını zəruri edir.

Bəs bəzi fənlərin tədrisinin distant formada keçirilməsi mümkündürmü?

Təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlamasında bildirib ki, belə təşəbbüslər zaman-zaman səsləndirilsə də, bununla bağlı qərar dövlət qurumları səviyyəsində müzakirələrdən sonra qəbul edilə bilər.

Ekspert qeyd edib ki, pandemiya dövründə Azərbaycanda bütün təhsil müəssisələrinin onlayn sistemə keçməsi bu sahədə müəyyən təcrübənin formalaşdığını göstərib:

“Pandemiya dövründə Nazirlər Kabineti səviyyəsində ölkə üzrə məhdudiyyətlər qoyuldu. Həm ümumtəhsil məktəbləri, həm ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri onlayn sistemə keçdilər. Bu təcrübə göstərdi ki, Azərbaycan hətta ekstremal vəziyyətdə belə bu işin öhdəsindən, demək olar ki, gələ bildi”.

M.Məmmədlinin sözlərinə görə, ali təhsil müəssisələrində bəzi fənlərin distant keçirilməsi ilə bağlı təşəbbüs Milli Məclisdə “Təhsil haqqında” qanunun müzakirəsi zamanı da səsləndirilib:

“Bu məsələ ilə bağlı yekun qərar hələ yoxdur. Lakin humanitar fənlərin distant keçirilməsi ilə bağlı müəyyən təşəbbüslərlə çıxış edən universitetlər artıq var. Geriyə qalan bunun rəsmiləşməsi və həyata keçirilməsi üçün müəyyən resursların formalaşdırılmasıdır”.

O vurğulayıb ki, belə bir sistemin tətbiqi üçün ali təhsil müəssisələrinin müəllimləri hazırlıqlı olmalı, texniki imkanlar isə distant dərslərin keçirilməsinə şərait yaratmalıdır. Ekspertin fikrincə, aidiyyəti qurumların müvafiq qərarından sonra bu istiqamətdə addımlar atmaq mümkündür:

“Bu gün şəhərdəki sıxlığın qarşısını almaq üçün ən uyğun variantlardan biri ali təhsil müəssisələrində humanitar fənlərin məsafədən, distant keçirilməsi ola bilər. Qarşıdan gələn tədbirlər, o cümlədən sentyabrın sonlarında keçirilməsi nəzərdə tutulan “Formula 1” yarışı da nəzərə alınmalıdır. Şəhər sıxlığının artacağı ərazilərdə distant təhsilin tətbiqinə ehtiyac yarana bilər”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR