Logo

Hikmət Babaoğlu: “Ermənistanı sülhə sövq edən, onu barış mövqeyinə gətirən kimdir?"

Hikmət Babaoğlu: “Ermənistanı sülhə sövq edən, onu barış mövqeyinə gətirən kimdir?"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycan regionda yeni reallıqlar yaradır və bunun adı dəmir yumruqdur”.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, TRIPP marşrutunun reallaşmasını regionun mürəkkəb tarixi və siyasi münasibətlərindən kənarda qiymətləndirmək düzgün olmaz:

“İlk baxışdan bəlkə də regionun tarixi münasibətlərini, burada mövcud olmuş münaqişələrin tarixini nəzərə almasaq, bu marşrutu adi bir layihə kimi qiymətləndirmək olar. Ancaq mənə elə gəlir ki, TRIPP marşrutunun bu gün reallaşması, üstəlik, Ermənistanda keçiriləcək yeni konstitusiya referendumu kontekstində bu məsələyə baxdıqda biz əslində memar axtarırıq. Cənubi Qafqazda son 200 ildə formalaşan yeni münasibətlər sistemini yaradan kimdir? TRIPP marşrutunun həqiqi memarı kimdir? Ermənistanı sülhə sövq edən, onu barış mövqeyinə gətirən kimdir? Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxaran kimdir?”

Deputatın sözlərinə görə, bu sualların cavabı Azərbaycanın siyasi iradəsində və hərbi-siyasi gücündə axtarılmalıdır:

“Bu gücün, bu iradənin adı dəmir yumruqdur. Məhz o, Azərbaycanda və bütövlükdə regionda yeni reallığı yaradıb. Mənə elə gəlir ki, biz bu sualın cavabını bilirik”.

Hikmət Babaoğlu çıxışında beynəlxalq münasibətlər nəzəriyyəçisi Hans Morgenthaunun milli güc konsepsiyasına da toxunub. O bildirib ki, hər bir xalqın müəyyən güc potensialı olsa da, bu potensialın real nəticəyə çevrilməsi üçün liderlik amili mühüm əhəmiyyət daşıyır:

“Beynəlxalq münasibətlər sistemində bir güc nəzəriyyəsi var. Onun müəllifi Hans Morgenthaudur. Morgenthau deyir ki, hər bir xalqın milli gücü var. Amma o milli güc potensialdır, o vaxta qədər ki, bu güc vahid lider tərəfindən reallaşdırılıb həqiqi gücə çevrilməyib. Ermənilərə münasibətdə də biz həmişə onları məğlub etmək, işğala son qoymaq potensialına sahib olmuşuq. Amma həqiqi lider olmadığına görə bunu edə bilməmişik. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan həqiqi liderlik nəticə etibarilə bugünkü reallığı yaradıb”.

Parlamentari çıxışında Ermənistanın konstitusiya referendumu ilə bağlı məsələnin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

O, Azərbaycanın bu istiqamətdə mövqeyini artıq ifadə etdiyini xatırladaraq, prosesin Ermənistan cəmiyyətinin dəstəyi ilə nəticələnəcəyinə ümid etdiyini bildirib:

“Ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin də bu proseslərlə bağlı bildirdiyi mövqe nəticə etibarilə Ermənistanda yaşayan insanların da konstitusiya dəyişikliyinə səs verməsi ilə başa çatacaq. Nəhayət, Azərbaycan Prezidentinin memarlığı ilə regionumuzda sülh bərqərar olacaq”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR