İran hədələdi: “Hücum olarsa, 10 qat güclü zərbə endirəcəyik”
İran ABŞ-dən gələcək istənilən hücuma əvvəlkindən 10 dəfə güclü zərbə ilə cavab verəcəyini bəyan edib.
Sfera.az bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şekarçi açıqlama verib. O, ABŞ Prezidenti Donald Trampın əvvəlki hücumlardan beş dəfə güclü zərbə endirmək barədə təhdidinə münasibət bildirərkən belə deyib.
“Mehr” agentliyinin məlumatına görə, Şekarçi İranın ABŞ təhdidlərindən qorxmadığını vurğulayıb. General bildirib ki, ölkənin silahlı qüvvələri 2025-ci il iyunun 13-dək olan dövrlə müqayisədə daha yaxşı hazırlaşıb və silahlanıb.
Onun sözlərinə görə, qarşı tərəf yenidən İrana hücum etməyə cəhd göstərərsə, İran qüvvələri mümkün hədəflər siyahısına daxil edilmiş hərbi və digər obyektlərə maksimum güclə zərbələr endirəcək.
Şekarçi, həmçinin ikinci və üçüncü müharibələr zamanı baş verən hadisələrin gələcək nəsillər üçün sənədləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu istiqamətdə İran-İraq müharibəsinin səkkizillik təcrübəsindən, həmin dövrdə əldə olunan dərslərdən və aşkar edilmiş çatışmazlıqlardan istifadə olunur.
Generalın sözlərinə görə, müvafiq materialların toplanması və qorunması prosesinə silahlı qüvvələr və dövlət qurumları da cəlb edilib.
Fatimə
Sfera.az






