Logo

Pərvin Kərimzadə: Zəfərimiz Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi

Pərvin Kərimzadə: Zəfərimiz Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan xalqı bu günlərdə milli tariximizin ən şanlı səhifələrindən biri olan Zəfər Gününün altıncı ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edir.

Bu günün xalqımızın və dövlətimizin taleyində müstəsna yeri var. Çünki 8 Noyabr – Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bu şanlı Zəfər xalqımızın milli iradəsinin, birliyinin və dövlətimizin qüdrətinin təcəssümüdür. Biz bu tarixi qələbəmizlə hər zaman fəxr edirik.

Ötən əsrin sonlarından başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı xülyasını reallaşdırmaq cəhdləri respublikamız üçün fəlakətli nəticələrə səbəb oldu. On minlərlə günahsız insanın həyatına son qoyuldu, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşdü. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi soydaşlarımızı doğma yurd-yuvalarından məhrum etməklə yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, yaşayış məntəqələrinin infrastrukturunu tamamilə məhv etdi, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurdu. İşğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın bütün ərazilərində dövlət bayrağımızın dalğalanması daim dövlət siyasətinin əsas prioritetlərindən və strateji hədəflərindən biri olub. Bu məqsədlə ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edib. Ermənistanın işğalçılıq siyasəti dövründə danışıqlar masasında prinsipial mövqe nümayiş etdirən Azərbaycan, eyni zamanda, güclü və müasir ordu formalaşdırırdı. Müdafiə və təhlükəsizlik xərclərinə xüsusi diqqət yetirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silah-sursat və hərbi texnika ilə təchiz edilməsi Azərbaycanın hərbi qüdrətinin artmasında mühüm rol oynadı. Bununla yanaşı, ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması milli müdafiə potensialının möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdi.

Bütün bunlarla yanaşı, Azərbaycan iqtisadi və siyasi müstəvidə də mühüm uğurlar əldə edirdi. Regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan həyata keçirdiyi transmilli layihələrlə regionda tamamilə yeni geosiyasi və geoiqtisadi mənzərə formalaşdırdı. Ölkəmiz regionun enerji və nəqliyyat xəritəsini yenidən müəyyənləşdirdi. Azərbaycanın təşəbbüsləri yalnız xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region dövlətlərinin maraqlarına xidmət etdi. Bütün bu nailiyyətlər Azərbaycanın beynəlxalq mövqelərini və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirdi.

Eyni zamanda, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizin tərəfdaşlarının sayının artmasına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycan aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli üçün ardıcıl fəaliyyət göstərdi. BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənirdi. Avropa İttifaqı ilə münasibətlər çərçivəsində də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipi əsas götürülürdü.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışırdı. Lakin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər icra olunmadı. İşğalçı dövlətə qarşı real təzyiq mexanizmlərinin tətbiq edilməməsi, beynəlxalq ictimaiyyətin əsasən bəyanatlarla kifayətlənməsi münaqişənin uzanmasına şərait yaratdı. Ermənistanın davamlı təxribatları, işğalçılıq siyasətindən əl çəkməməsi və sülh danışıqlarına mane olan addımları isə müharibəni qaçılmaz etdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibə günlərində Azərbaycan xalqı öz dəmir yumruğunu, milli birliyini və sarsılmaz iradəsini nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü yazılması, düşmənin hərbi təxribatlarına baxmayaraq, mülki əhalinin öz doğma evlərini tərk etməməsi xalqımızın dövlətə, orduya və Ali Baş Komandana inamının, xalq-ordu birliyinin bariz nümunəsi idi.

“Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhədən qələbə xəbərləri gəlməyə başladı. 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan irəlilədi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr və strateji yüksəkliklər işğaldan azad edildi. Azərbaycan əsgəri və zabiti vahid amal uğrunda – işğala son qoyulması, tarixi ədalətin bərpası naminə döyüşürdü. Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş yolu ilə işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Zəfər tariximizin zirvəsinə çevrildi.

Mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşanın azadlığı Vətən müharibəsinin taleyini həll edən həlledici hadisə oldu. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciəti hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Həmin gün təkcə bir şəhər deyil, xalqımızın qüruru, milli ruhu və tarixi ədalətə inamı da yenidən yüksəldi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da döyüşsüz, qan tökülmədən Azərbaycana qaytarıldı. Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edir.

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunun hərbi potensialına sarsıdıcı zərbə vuraraq ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. Qəhrəman hərbçilərimizin şücaəti və rəşadəti, şəhidlərimizin qanı və canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında Ermənistanın hərbi qüvvələrini darmadağın etməklə yanaşı, uzun illər ərzində formalaşdırılmış erməni məğlubedilməzliyi mifini də alt-üst etdi. Cəmi 44 gün ərzində Azərbaycan öz hərbi gücünü, qüdrətini, müasir döyüş qabiliyyətini və xalq-ordu birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə verdiyi müsahibələrin hər biri Azərbaycanın informasiya və diplomatiya cəbhəsində qazandığı uğurların mühüm tərkib hissəsi idi. Dövlət başçısı həmin dövrdə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verərək münaqişənin əsl mahiyyətini, Ermənistanın işğalçılıq siyasətini və Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya müharibəsinin əsas istiqamətlərini müəyyənləşdirən bu müsahibələr ölkəmizin media fəaliyyətinə də mühüm istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə dövründəki çıxış və müsahibələrini XXI əsrdə siyasi kommunikasiya və nitq strategiyasının uğurlu nümunəsidir. Dünyanın müxtəlif ölkələrinin aparıcı televiziya kanallarına verilən müsahibələrdə gerçəklikdən doğan konkretlik, qətiyyət, prinsipiallıq və siyasi iradə aydın şəkildə ifadə olunurdu. Prezident İlham Əliyev beynəlxalq media platformalarında apardığı informasiya mübarizəsini də Azərbaycanın ümumi siyasi-diplomatik qələbəsinin mühüm tərkib hissəsinə çevirdi.

Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkəmizdə siyasi qüvvələrin böyük əksəriyyətinin vahid mövqedən çıxış etdiyini nümayiş etdirdi. Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi kimi taleyüklü məsələlərdə siyasi mənsubiyyətdən asılı olmayaraq milli maraqların hər şeydən üstün tutulmasının göstəricisi idi. Həmin dövrdə siyasi partiyaların birgə mövqeyini əks etdirən “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair”, “Ermənistan silahlı qüvvələrinin Gəncəni ballistik raketlərlə bombalaması ilə bağlı”, “Şuşanın azad olunması münasibətilə”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı” və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat və müraciətlər xüsusi əhəmiyyət daşıyırdı.

Lakin təəssüf doğuran məqam ondan ibarət idi ki, Azərbaycan xalqının tarixinə əbədi yazılmış Qələbə münasibətilə siyasi partiyaların imzaladığı birgə bəyanata AXCP, Müsavat Partiyası və “Milli Şura” qoşulmadı. Halbuki həmin sənəd hər hansı siyasi qüvvənin marağını deyil, bütövlükdə Azərbaycanın milli maraqlarını, ərazi bütövlüyünü və tarixi ədalətin bərpasını ifadə edirdi. Siyasi partiyaların birgə bəyanatlarında Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənir, mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin bombalanması insanlığa qarşı cinayət kimi qiymətləndirilir və bu faktlara beynəlxalq təşkilatlar tərəfindən hüquqi-siyasi qiymət verilməsi tələb olunurdu. Belə bir tarixi məqamda ölkənin siyasi qüvvələrinin böyük əksəriyyətinin vahid mövqedən çıxış etdiyi halda, AXCP, Müsavat Partiyası və “Milli Şura”nın bu həmrəyliyə qoşulmaması onların siyasi mövqeləri ilə bağlı ciddi suallar doğururdu. Çünki Vətən müharibəsi partiyalararası rəqabət və siyasi ambisiyalar dövrü deyil, milli həmrəyliyin, dövlətçilik maraqlarına sədaqətin sınağa çəkildiyi tarixi mərhələ idi. Bu məsələdə vahid mövqedən kənarda qalmaq həmin siyasi qüvvələrin cəmiyyət qarşısında siyasi məsuliyyətini də ortaya qoydu. Dövlətin və xalqın taleyinin həll olunduğu bir vaxtda milli maraqları siyasi maraqlardan üstün tutmamaq, ümumxalq birliyinin təcəssümünə çevrilmiş tarixi sənədə qoşulmamaq onların antimilli mahiyyətini və siyasi təcridini bir daha nümayiş etdirdi. Bu fakt onu da göstərdi ki, Azərbaycanın taleyüklü məsələlərində xalqın və dövlətin maraqları ətrafında birləşmək siyasi qüvvələr üçün seçim deyil, məsuliyyətdir.

Vətən müharibəsindən üç il sonra – 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazilərində tam bərpa olundu, erməni separatizminə son qoyuldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi ilə ölkəmizin müasir tarixində yeni mərhələ başlandı.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. 2026-cı il oktyabrın 23-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40 922 nəfərdən ibarət 10 114 ailənin qayıdışı təmin edilib. Ümumilikdə, keçmiş məcburi köçkünlərin 47 yaşayış məntəqəsinə – 10 şəhər, 3 qəsəbə və 34 kəndə qayıdışı həyata keçirilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bütün bunlar Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini, Qarabağ və Şərqi Zəngəzurun yenidən Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına qovuşduğunu göstərir.

Xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini daim uca tutur, qazilərə və müharibə veteranlarına böyük ehtiram göstərir. Döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız dövlət tərəfindən orden və medallarla təltif olunub, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, şanlı Zəfərimizin əbədiləşdirilməsi məqsədilə muzeylər, memorial komplekslər, Zəfər parkları və digər xatirə məkanları yaradılır. Bütün bunlar xalqımızın tarixi yaddaşının qorunmasına, gələcək nəsillərin Vətən sevgisi və dövlətçilik ruhunda yetişməsinə xidmət edir.

Beləliklə, 8 Noyabr sadəcə hərbi qələbənin ildönümü deyil. Bu tarix Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ədalət arzusunun gerçəkləşdiyi, milli ləyaqətimizin bərpa olunduğu, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında xüsusi vurğulayıb: “8 Noyabr bizim əbədi bayramımız olacaq”.

Bu fikir Zəfər Gününün yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də milli yaddaşında əbədi yaşayacağını ifadə edir. Zəfərimiz dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli iradəmizin təntənəsi kimi tariximizdə daim yaşayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR