Avropa liderləri Putinlə danışdı – Məqsəd nədir?
Norveçin baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putin və Finlandiya Prezidenti Aleksandr Stubblə üçtərəfli telefon danışığını müdafiə edib.
Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, o bildirib ki, məqsəd Rusiya liderinin ABŞ ilə yanaşı Avropanın da mövqeyini eşitməsini təmin etmək olub.
Ötən gün baş tutan və 90 dəqiqə davam edən danışıq Qərbi Avropa liderlərinin Kreml ilə birbaşa təmaslardan çəkinməsi ənənəsindən fərqlənib. Bu addım Danimarkanın Baş naziri Mette Frederiksen də daxil olmaqla, bəzi müttəfiqlərin tənqidinə səbəb olub.
Störe Norveçin İctimai Yayım Korporasiyası NRK-ya açıqlamasında bildirib ki, o və Stubb müharibənin uzanmasının qarşısını almaq üçün mümkün addımları müzakirə etməyə çalışıblar.
“Putinin fikrini dəyişəcəyini düşünmürəm, amma o, bizim mövqeyimizi aydın şəkildə eşidir. Amerikalılar onunla danışarkən bəzi mesajların ona çatmamasından narahatam”, – deyə Norveçin baş naziri vurğulayıb.
Norveç hansı addımları təklif edir?
Störenin sözlərinə görə, Norveç gərginliyin azaldılması üçün bir sıra tədbirlərin həyata keçirilməsində maraqlıdır. Bunlara Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması, Ukrayna taxılını daşıyan gəmilərə zərbələrin kəsilməsi və hərbi əsirlərin mübadiləsi daxildir.
Ukraynanın ərazi güzəştləri etmədən sülhə nail olub-olmayacağı ilə bağlı suala cavab verən baş nazir bildirib ki, Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.
O qeyd edib ki, Ukrayna ərazi itkilərini rəsmən tanıyan sazişə imza atmayacaq. Bununla belə, mövcud cəbhə xəttinin reallıq kimi qəbul edilməsi və danışıqlar üçün başlanğıc nöqtəsi sayılması fərqli məsələdir.
Störe vurğulayıb ki, sülh sazişindən sonra Ukraynanın təhlükəsizliyinə hansı təminatların veriləcəyi əsas suallardan biridir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə telefon danışığının Ukrayna münaqişəsi ilə bağlı yeni nəticə vermədiyini bildirib. Onun sözlərinə görə, Avropa ölkələri danışıqlar prosesində özlərinə rol qazanmağa çalışırlar.
Fatimə
Sfera.az






