ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları keçdi
ABŞ-nin dövlət borcu tarixi maksimuma çataraq 40,5 trilyon dolları ötüb.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən TASS məlumat yayıb.
Məlumata görə, oktyabrın 26-na ölkənin dövlət borcu 40,52 trilyon dollar təşkil edib. Ötən ilin oktyabrında bu göstərici 38 trilyon dollar səviyyəsində olub. 2026-cı ilin avqustunda isə ABŞ-niin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib.
Beləliklə, son bir ildə ölkənin dövlət borcu təxminən 2,5 trilyon dollar artıb. Son on ilə yaxın müddətdə isə bu göstərici 20 trilyon dollar yüksəlib.
Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun ekspertləri hesab edirlər ki, ABŞ hökuməti dövlət xərclərinin və vergi siyasətinin yenidən nəzərdən keçirilməsi istiqamətində tədbirlər görməsə, dövlət borcu qarşıdakı altı ildə 50 trilyon dollara çata bilər.
ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozuna görə, 2036-cı ilədək ölkənin dövlət borcunun həcmi ümumi daxili məhsulunu (ÜDM) 20 faiz üstələyə bilər.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent daha əvvəl rekord həddə çatan dövlət borcunun azaldılması ilə bağlı planı Konqresə noyabr seçkilərindən sonra təqdim edəcəyini açıqlamışdı.
Fatimə
Sfera.az






