Netanyahu öndədir, amma hakimiyyət sual altındadır - İLKİN NƏTİCƏLƏR
İsraildə keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok ilkin nəticələrə görə rəqiblərini qabaqlayır.
Lakin səslərin hesablanması davam edir və ölkədə yeni hökumətin necə formalaşacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Sfera.az xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı qismən nəticələrə əsasən, seçki qutularının 55,4 faizi hesablandıqdan sonra Netanyahunun blokunun 56, müxalifət blokunun isə 49 mandat qazandığı bildirilir. Əsas bloklardan kənarda qalan ərəb partiyalarının ümumilikdə 15 mandat əldə etdiyi göstərilir.
“Times of Israel” nəşrinin məlumatına görə, nəticələr hələ yekunlaşmayıb. Əsgərlərin və digər seçicilərin xüsusi qaydada qeydə alınan səslərinin hesablanması da yekun bölgüyə təsir edə bilər.
Netanyahu və rəqibi arasında gərgin mübarizə
“Reuters” agentliyinin yazdığına görə, Netanyahu seçkidən sonra sağçı hökumət qurmağa çağırıb. O, İsrailin təhlükəsizlik sahəsində əldə etdiyi nəticələri önə çəkərək ABŞ Prezidenti Donald Trampla birlikdə İran təhlükəsinə qarşı mübarizəni davam etdirmək niyyətini ifadə edib.
Müxalifət blokunun lideri, keçmiş ordu baş qərargah rəisi Qadi Eyzenkot isə seçicilərin dəyişiklik istədiyini bildirib və Netanyahunu baş nazir postundan getməyə çağırıb. Beləliklə, hər iki tərəf yeni hökumətə rəhbərlik etmək iddiasını ortaya qoysa da, ilkin göstəricilər heç bir blokun parlamentdə təkbaşına çoxluq əldə etdiyini təsdiqləmir.
Hökumətin taleyini kim müəyyən edə bilər?
İsrail parlamenti Knesset 120 deputatdan ibarətdir. Hökuməti formalaşdırmaq üçün ən azı 61 deputatın dəstəyinə ehtiyac var. Hazırkı qismən nəticələrə əsasən, Netanyahunun bloku bu həddə çatmaq üçün əlavə dəstək qazanmalıdır.
Əsas bloklardan kənarda qalan ərəb partiyaları hökumətin formalaşdırılması prosesində mühüm rol oynaya bilər. Bununla belə, müxalifət lideri Eyzenkotun həmin partiyalarla birgə hökumət qurmaq imkanlarına münasibəti də prosesin gedişinə təsir göstərə bilər.
“Reuters”in məlumatına görə, seçkidə iştirak 77,7 faiz təşkil edib. Bu, 1999-cu ildən bəri qeydə alınan ən yüksək göstərici kimi təqdim olunur.
İsraildə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan və sonrakı regional müharibələrdən sonra keçirilən ilk parlament seçkisinin yekun nəticələrinin açıqlanması gözlənilir. Səslərin hesablanması başa çatdıqdan sonra partiyalar arasında koalisiya danışıqlarının başlaması nəzərdə tutulur.
Əzizə






