Ölkədə daxili risklər yoxdur, təhlükələr kənardan gəlir - Deputat
Ölkədə daxili risklər yoxdur, təhlükələr kənardan gəlir.
Sfera.az bildirir ki, modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib ki, Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda prezidentin çıxışı olduqca mühüm hadisədir:
"Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizlik arxitekturası ilə bağlı təkliflərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından da mühüm rol oynayır.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər və verdiyi mesajlar həm də bu mənada olduqca əhəmiyyətlidir. Çünki onların hər biri Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə, ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyalarının və qərəzli təhrifetmə cəhdlərinin ifşasına xidmət edir".
Deputat qeyd edib ki, iki mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi, 100-dən çox ölkədən 500 qonağın iştirak etdiyi Forumun “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr edilməsi də təsadüfi deyil:
"Şahidi olduğumuz hadisələr göstərir ki, münaqişə və müharibə coğrafiyasının daha da genişlənməsinin əsas səbəblərindən biri beynəlxalq hüququn kobud şəkildə tapdalanmasıdırsa, digər səbəbi sivilizasiyalararası dialoqa məqsədli şəkildə kölgə salmaq və onu sağlam məcradan çıxararaq qarşıdurma müstəvisinə keçirmək cəhdləri ilə bağlıdır. 35 illik müstəqillik dövründə ölkəmizin dəfələrlə üzləşdiyi ədalətsizliyin və məruz qaldığı ikili
standartların kökü böyük güclərin elə bu cür riyakar siyasətində gizlənir. 44 günlük Vətən müharibəsinin ilk günlərində Fransadan eşitdiyimiz “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” bəyanatı beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğu qədər ümumbəşəri dəyərlərə, ədalət anlayışına və sivilizasiyalararası dialoqa da açıq təhdid demək idi. Yaxud elə həmin günlərində Avropanın bəzi ölkələrində keçmiş “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınmasına dair qeyri-qanuni çağırışlar, bununla bağlı qəbul olunan qərəzli qətnamələr əyani şəkildə göstərdi ki, ümumbəşəri dəyərlərin və beynəlxalq hüququn təşviq etdiyi ədalət prinsipi çox asanlıqla tapdalana bilir".

Parlamentari təəssüflə qeyd edib ki, böyük güclərin bölücü ikili standartlar siyasəti və onların təsiri altında fəaliyyət göstərən beynəlxalq təşkilatların ayrı-seçkiliklə məcburi və ya könüllü şəkildə barışması, çox təəssüf ki, müasir dünyanın danılmaz reallığıdır. Onun sözlərinə görə, oturuşmuş təhlükəsizlik arxitekturasının çökməsinin əsas səbəblərindən biri də elə bu reallıqla bağlıdır:
"Tarixi Zəfərimizdən ötən altı ildə Avropa Parlamenti və AŞPA tərəfindən Azərbaycanın əsassız şəkildə hədəf seçilməsi, ölkəmizə qarşı 14 qərəzli qətnamənin qəbul olunması aşkar ayrı-seçkiliyin sübutudur. Əgər XXl əsrdə bu cür təşkilatların tribunasından “xristian erməni qardaşlarımızı qorumalıyıq” kimi cahil bəyanatları dönə-dönə eşidiriksə və bütün bunlar etnik və dini təəssübkeşlik bir tərəfə, guya insan haqlarının qorunması pərdəsi altında törədilirsə, sivilizasiyalararası dialoqa bundan böyük təhdid ola bilməz. Eyni təşkilatlar digər coğrafiyalarda işğalı və separatçılığı qəti şəkildə pislədikləri, belələrinin nəinki həbsini, hətta fiziki cəhətdən zərərsizləşdirilməsini aşkar məmnunluqla qarşıladıqları halda, Azərbaycana gəldikdə, müharibə cinayətlərinə və insanlıq əleyhinə ağır əməllərə görə məhkum olunmuş erməni separatçılarını gah ”girov”, gah “hərbi əsir”, gah da “siyasi məhbus” elan edirlər. Beynəlxalq hüquqa və sivilizasiyalararası dialoqa bundan artıq təhdid ola bilərmi?!".
Ü.Quliyev söyləyib ki, 30 il ərzində işğalçı Ermənistana qarşı bir dəfə də olsun sanksiya qəbul etməyən, əksinə, onu həvəsləndirən siyasi dairə və təşkilatların Azərbaycana münasibəti bu gün də dəyişməyib:
"Amma bütün bu haqsızlıqlara, davamlı qarayaxma kampaniyalarına və tarixi Qələbəmizə məqsədli şəkildə kölgə salmaq cəhdlərinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi ki, xalqımızın etnik və dini tolerantlığa, mədəniyyətlərarası dialoqa bağlılığı sarsılmazdır. Çünki bu, əsrlərin sınağından keçmiş, milli məfkurəmizdə və ümumxalq yaddaşımızda yaşayan ən dəyərli və toxunulmaz ənənələrimizdən biridir. Prezident İlham Əliyevin oktyabrın 27-də Forumun açılış mərasimində səsləndirdiyi bu açıqlama ikili standartlar siyasətinin müəlliflərinə və Azərbaycanı qərəzli şəkildə hədəf seçən bədxahlarımıza ən tutarlı cavabdır: “Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.
Parlamentari nümunəvi tolerant mühitin xarici beyin mərkəzlərini narahat etdiyini deyib:
"Tarixi Zəfərimizlə, o cümlədən Azərbaycanın beynəlxalq-hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqla barışmaq istəməyən dairələrin impulsiv davranışı, media və internet resurslarında ölkəmizə qarşı sinxron şəkildə təşkil etdikləri əxlaqsız hücumlar onu da göstərir ki, Azərbaycanda ictimai konsensusun təməlində dayanan nümunəvi tolerant mühit bədxahlarımızı ciddi şəkildə narahat edir. Onların beyin mərkəzləri də yaxşı bilirlər ki, ölkəmizdə ictimai sabitliyin pozulması üçün, ilk növbədə, bu bənzərsiz mühüt zədələnməli və ən iyrənc üsullarla ona kölgə salınmalıdır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi bu fikir həmin istəkdə olan dairələrə növbəti xəbərdarlıq mesajıdır: “Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standartlar həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?.. Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır”. Prezidentin Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında ideoloji təxribatla bağlı cəmiyyətimizə ünvanladığı mesajı bu Forumda bir daha xüsusi olaraq vurğulaması həm də bu reallıqlar baxımından təsadüfi deyil. Çünki son iki əsrlik tariximizdə ən böyük Zəfəri mümkün edən ictimai konsensus, xalqımızın birliyi və vətəndaşın öz dövlətinə inamı bədxahlarımızı bu gün də rahat buraxmır. Belələri onun da fərqindədir ki, geosiyasi maraqların toqquşduğu qeyri-sabit regionda yerləşən Azərbaycanın sabitlik adasına çevrilməsinin təməlində qalib xalqın öz Müzəffər Liderinə sarsılmaz etimadı dayanır. Prezident İlham Əliyev elə bu səbəbdən Azərbaycan cəmiyyətinə növbəti dəfə bu mesajı verdi: “Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir”.
Deputatın fikrincə, qlobal proseslərin doğurduğu təhlükəli çağırışlar aydın şəkildə göstərir ki, beynəlxalq siyasətdə ikili standartlardan, sivilizasiyalararası dialoqa kölgə salmaq cəhdlərindən və dini-etnik zəmində ayrı-seçkilik siyasətindən imtina olunmadıqca, münaqişə və müharibələr səngiməyəcək, əksinə, daha böyük coğrafiyanı bürüyəcək:
"Azərbaycan Prezidentinin beynəlxalq auditoriyaya ünvanladığı mühüm və düşündürücü mesajlardan biri də məhz bununla - təhlükəsiz ortaq gələcəyin qurulması yolu ilə bağlı oldu. Yalnız bu yol etibarlı təhlükəsizlik modelinin inşasına zəmin yarada bilər. Milli və dini mənsubiyyətimizdən, siyasi əqidəmizdən və peşə fəaliyyətimizdən asılı olmayaraq, hər birimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iki il əvvəl andiçmə mərasimində səsləndirdiyi bu tarixi bəyanatın arxasında dayanan böyük həqiqətləri heç vaxt unutmamalı və onları gələcək nəsillərə də mütləq çatdırmalıyıq: “Biz,-İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,-sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.






