Trampın İranla bağlı qərarı necə olacaq? - PROQNOZ

Trampın İranla bağlı qərarı necə olacaq? - PROQNOZ
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və mümkün addımları Vaşinqtonun xarici siyasətindən daha çox daxili siyasi maraqları ilə əlaqəli ola bilər.

Belə ki, İranla müharibə nəticəsində qarşıya qoyulan hədəflərə tam nail olunmaması və nüvə proqramı ilə bağlı problemin həllini tapmaması Tramp administrasiyasının mövqeyinə təsir göstərir.


Bəs bu istiqamətdə Trampın İranla bağlı qərarı necə olacaq?


Siyasi şərhçi Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ müharibə başlamazdan əvvəl İranın nüvə proqramını ləğv etmək də daxil olmaqla bir sıra konkret hədəflər müəyyənləşdirmişdi.

Lakin hərbi əməliyyatlara və dağıdıcı hava zərbələrinə baxmayaraq, Vaşinqton bu məqsədlərə tam nail ola bilməyib:


“Donald Tramp İranın nüvə obyektlərinin sıradan çıxarıldığını iddia etsə də, sonradan həmin obyektlərin hamısının məhv edilmədiyi və problemin aktuallığını qoruduğu məlum olub. Bu vəziyyət Tramp administrasiyasının qarşıya qoyduğu vəzifələri tam yerinə yetirə bilmədiyini göstərir”.


E.Xalidbəyli vurğulayıb ki, yaranmış vəziyyət ABŞ-də keçiriləcək aralıq seçkilərinin nəticələrinə də birbaşa təsir göstərə bilər. Onun fikrincə, Tramp seçki ərəfəsində İranla bağlı sərt bəyanatlar verməklə Amerika cəmiyyətini ölkənin təhlükəsizliyi və qarşıya qoyulan strateji hədəflərin icrası məsələsində arxayınlaşdırmağa çalışır:


“Prezident bu açıqlamalar vasitəsilə İran probleminin diqqətdən kənarda qalmadığını və Vaşinqtonun müəyyənləşdirdiyi məqsədlərin reallaşdırılacağını nümayiş etdirmək istəyir. Bu mesajların əsas hədəfi isə seçkilərdə Respublikaçılar Partiyasının mövqelərini gücləndirməkdir”.


Ekspertin qənaətinə görə, hazırkı şəraitdə respublikaçıların seçkilərdə məğlub olmaq ehtimalı kifayət qədər yüksəkdir. Buna görə də Trampın İranla bağlı bəyanatlarında daxili siyasi amillərin xüsusi rol oynadığı düşünülür:


“Trampın bundan sonra hansı qərarları verəcəyi hələlik bəlli deyil. ABŞ prezidentinin mümkün addımlarla bağlı davamlı açıqlamalarına baxmayaraq, indiyədək real nəticələr müşahidə olunmur”.


Politoloqun fikrincə, bütün bunlar Donald Trampın Yaxın Şərqlə bağlı bəyanatlarının daha çox ABŞ-nin daxili auditoriyasına ünvanlandığını göstərir.

Onun sözlərinə görə, açıqlamaların əsas məqsədlərindən biri də aralıq seçkiləri ərəfəsində seçicilərin dəstəyini qazanmaq və səslərin Respublikaçılar Partiyasına yönəlməsinə nail olmaqdır.


Fatimə Ələkbər

Sfera.az


Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR