Tramp Rusiya və Ukrayna arasında hansı şərtlə sülhə nail olacaq? - AÇIQLAMA

Tramp Rusiya və Ukrayna arasında hansı şərtlə sülhə nail olacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ və Ukrayna nümayəndələrinin oktyabrın 9-da Mayamidə keçirəcəyi görüşdə müharibənin dayandırılmasına dair yeni sülh təklifləri müzakirə olunacaq.

Danışıqlarda Ukraynanın təhlükəsizlik təminatları, müharibədən sonrakı iqtisadi bərpası və münaqişənin siyasi yolla həlli məsələləri diqqət mərkəzində olacaq. Avropa ölkələri, NATO və Avropa İttifaqının nümayəndələrinin də prosesə cəlb edilməsi Vaşinqtonun daha geniş razılaşma əldə etmək niyyətini göstərir.


Bəs ABŞ-nin yeni sülh təşəbbüsünün əvvəlki planlardan əsas fərqi nə ola bilər? Mövcud danışıqlar müharibənin başa çatmasına nə dərəcədə təsir göstərə bilər?


Bu barədə politoloq Bakir Həsənbəyli Sfera.az-a açıqlamasında bildirib ki, müasir müharibələr klassik müharibə modelindən fərqlənir və Rusiya-Ukrayna müharibəsində əsas məqsəd yalnız ərazilərə nəzarət etmək deyil, həm də qarşı tərəfi texnoloji, siyasi, iqtisadi və hərbi baxımdan tükəndirməkdir:


“Bugünkü müharibələr heç də yalnız ərazi uğrunda mübarizədən ibarət deyil. Burada əsasən texnoloji, siyasi, iqtisadi və hərbi baxımdan tükəndirmə siyasətindən söhbət gedir. Bu baxımdan, Rusiya ilə Ukrayna arasında baş verən müharibə də klassik müharibə modeli deyil. Müharibə vizual görüntülər, eyni zamanda Rusiya rəsmilərinin müəyyən ərazilərin işğal olunması və nəzarətə götürülməsi ilə bağlı açıqlamaları əsasında qiymətləndirilsə də, yaxud bu istiqamətdə təbliğat aparılsa da, əslində, söhbət klassik müharibədən getmir. Rusiya da bunu çox yaxşı bilir. Ukrayna da müharibəni hansı prinsiplər uğrunda apardığını yaxşı anlayır. Bu baxımdan, Rusiya-Ukrayna, ABŞ-Ukrayna və ya Rusiya-ABŞ nümayəndələrinin müxtəlif vaxtlarda və müxtəlif bölgələrdə keçirdikləri görüşlər heç də münaqişənin başa çatması anlamına gəlmir”.


Bakir Həsənbəylinin sözlərinə görə, ABŞ-nin əsas məqsədlərindən biri Rusiyanın beynəlxalq miqyasda təsir imkanlarını zəiflətmək və onun təsir dairəsində olan ərazilərin bu nəzarətdən çıxmasına nail olmaqdır. O hesab edir ki, bu strategiya çərçivəsində Rusiyaya qarşı iqtisadi və hərbi təzyiqlər davam etdirilir:


“Əslində, Amerika Birləşmiş Ştatlarının qarşısına qoyduğu qlobal dünya layihəsi var və bu layihədə Rusiyaya hətta epizodik rol belə vermək istəmir. Bu baxımdan, Rusiya ilə bağlı atılan bütün addımlar məhz onun hegemonluğu altında olan ərazilərin Rusiyanın təsir dairəsindən çıxarılmasına yönəlib. Məqsəd Rusiyanın iqtisadi və hərbi baxımdan tükəndirilməsi, ona ciddi zərbələr vurulması və nəticədə müharibədən çəkilməyə məcbur edilməsidir. Rusiyaya qarşı tətbiq olunan 21 sanksiya paketi, Qərb və Avropa şirkətlərinin Rusiyanı tərk etməsi, ölkədə inflyasiyanın yüksək həddə çatması, eləcə də Rusiyanın uzun illərdir sanksiyalar altında olan İran və Şimali Koreyadan asılı vəziyyətə düşməsi bu fikirlərin əyani göstəricisidir.

Qərbin qarşısına qoyduğu konkret məqsədlər var. Bunlardan biri Rusiyanın təsir imkanlarının tamamilə aradan qaldırılmasıdır. Bu məqsədə nail olunana qədər təzyiqlərin və sanksiyaların davam edəcəyini düşünürəm. İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamında Qərbin SSRİ-yə təsir imkanları yox idi. Bu səbəbdən ikiqütblü dünya sistemi yaranmışdı. Həmin dövrdə ABŞ-nin SSRİ-nin bu sistemdə yer almasına mane olmaq imkanları yox idi. Nəticədə bir sıra ölkələr uzun müddət SSRİ-nin nəzarəti altında qaldı. Hətta SSRİ ABŞ-dən cəmi 100-150 kilometr məsafədə yerləşən Kubada hərbi baza yerləşdirmişdi. Bu da ABŞ-nin təhlükəsizlik konsepsiyasına tamamilə zidd idi. ABŞ İkinci Dünya müharibəsindən sonra yaranmış həmin boşluğu bu gün doldurmağa çalışır”.

B.Həsənbəyli mövcud geosiyasi məqsədlərin və Rusiyanın hələ də müharibəni davam etdirmək üçün resurslarının olmasının yaxın gələcəkdə sülhə nail olunmasını çətinləşdirdiyini qeyd edib:


“Bu baxımdan, yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatacağını düşünmürəm. Rusiyanı tamamilə tükəndirmə siyasəti həyata keçirilmədən bu müharibənin başa çatması mümkün görünmür. Hazırda Rusiyanın müharibəni davam etdirmək üçün müəyyən resursları var. Həmin resursların tükənməsi və ya onlardan istifadə imkanlarının məhdudlaşdırılması üçün ABŞ başda olmaqla, Qərb və Avropa ölkələri bütün zəruri addımları atırlar”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR