YAP-ın VIII Qurultayı: 2021-dən 2026-ya dəyişən HƏDƏFLƏR

YAP-ın VIII Qurultayı: 2021-dən 2026-ya dəyişən HƏDƏFLƏR
Kateqoriya məlum deyil
T

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın son beş ildə keçdiyi siyasi mərhələnin yekunlarının təqdim edilməsi və növbəti dövr üçün əsas istiqamətlərin göstərilməsi baxımından diqqət çəkir.

Qurultayın əhəmiyyətini yalnız YAP-ın rəhbər orqanlarının yenilənməsi ilə izah etmək kifayət deyil. Tədbirin siyasi çəkisini artıran əsas məqam onun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olmasıdır. Prezident İlham Əliyev də çıxışında məhz bu fərqə xüsusi diqqət çəkib.

Burada 2021-ci ildə keçirilən VII Qurultayla müqayisə xüsusilə maraqlıdır. Çünki iki qurultay arasında cəmi beş il olsa da, onların keçirildiyi siyasi şərait eyni deyil. 2021-ci ilin martında keçirilən VII Qurultay 44 günlük müharibədən bir neçə ay sonra baş tutmuşdu. Həmin vaxt Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası artıq reallaşmışdı, lakin regionda yeni reallıqların necə formalaşacağı, Qarabağda bərpa prosesinin necə aparılacağı və əldə edilmiş hərbi-siyasi nəticələrin necə qorunacağı əsas məsələlərdən idi. Prezident həmin qurultayda Azərbaycanın “yeni dövrə” qədəm qoyduğunu bildirərək gələcəyə fokuslanmağın vacibliyini vurğulamışdı.

Başqa sözlə, 2021-ci ilin əsas mesajı qələbədən sonrakı keçid mərhələsinin idarə olunması idi.

Həmin dövrdə əsas hədəflər arasında Qarabağın bərpası, təhlükəsizliyin təmin olunması, iqtisadi imkanların artırılması və Azərbaycanın əldə etdiyi yeni geosiyasi mövqenin qorunması dayanırdı. Prezident VII Qurultayda iqtisadi müstəqilliyi və ordu quruculuğunu da 2020-ci il Zəfərinə aparan hazırlığın əsas elementləri kimi təqdim etmişdi.

2026-cı ilin VIII Qurultayında isə siyasi mənzərə artıq fərqlidir.

Bu dəfə söhbət təkcə 2020-ci il Zəfərindən sonrakı vəziyyətdən getmir. Prezidentin çıxışında xüsusi vurğulanan məqam ondan ibarətdir ki, Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Yəni 2021-ci ildə qarşıda duran əsas strateji məsələlərdən biri kimi təqdim edilən ərazi bütövlüyünün tam təmin olunması artıq başa çatmış mərhələ kimi göstərilir. Bu isə qurultayın siyasi mesajının mahiyyətini dəyişir. 2021-ci ildə sual daha çox “Qələbədən sonra nə etməliyik?” idisə, 2026-cı ildə gündəm “yeni mövqedən sonra hansı mərhələyə keçirik?” sualına yaxınlaşır. Prezidentin bugünkü çıxışında “ana xətt” kimi təqdim etdiyi prinsiplər də bunu göstərir. İlham Əliyev bildirib ki, illər keçdikcə taktiki, hətta müəyyən dərəcədə strateji məqsədlər dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi dövlət siyasətinin dəyişməz xətti olaraq qalır.

Burada diqqətçəkən məqam hədəfin özünün deyil, hədəfə çatma vasitələrinin daha geniş çərçivədə təqdim edilməsidir. Ərazi bütövlüyü məsələsi əvvəlki illərdə əsas strateji məqsəd idisə, indi dövlətin əldə etdiyi suverenliyi və siyasi manevr imkanlarını qoruması, iqtisadi və hərbi gücünü artırması, xarici siyasətdə müstəqil qərarverməni davam etdirməsi ön plana çıxır.

Bu, həm də Azərbaycanın özünü təqdimetmə formasında dəyişiklikdən xəbər verir. 2021-ci ildə Azərbaycanın əsas siyasi arqumentlərindən biri işğal faktının aradan qaldırılması və yeni regional reallığın yaradılması idi. Prezident həmin vaxt Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yarandığını vurğulayırdı. 2026-cı ildə isə bu reallığın artıq formalaşdığı və beynəlxalq səviyyədə qəbul edildiyi tezisi önə çıxır. Prezident VII Qurultaydan sonra yaranan reallıqların bu gün bütün dünya tərəfindən qəbul edildiyini bildirib. Bu fərq vacibdir. Çünki 2021-ci ilin siyasi gündəliyində Azərbaycan daha çox yeni reallıq yaradan ölkə kimi çıxış edirdisə, 2026-cı ilin mesajlarında həmin reallığın davamlı siyasi və geosiyasi nəticələrə çevrilməsi xətti görünür.

Xarici siyasətdə yeni çərçivə

VIII Qurultayın diqqətçəkən tərəflərindən biri də xarici siyasət mesajlarının daha geniş təqdim olunmasıdır.

Prezident Azərbaycanın xarici siyasətini elə qurmalı olduğunu bildirib ki, heç bir dövlət ölkənin daxili işlərinə müdaxilə edə bilməsin. Bununla yanaşı, Azərbaycanın beynəlxalq müstəvidə daha böyük hörmətə malik ölkəyə çevrildiyini və ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini vurğulayıb. Eyni zamanda, Prezident İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın birləşdirici rolundan danışıb. Bu da xarici siyasət mesajlarının yalnız Cənubi Qafqazla məhdudlaşmadığını göstərən məqamlardan biridir.

Hərbi güc yenə gündəmdədir, amma mesaj fərqlidir...

İki qurultay arasında başqa bir maraqlı paralel hərbi potensialla bağlıdır. 2021-ci ildə güclü ordu əsasən ərazi bütövlüyünün bərpasına aparan hazırlığın mühüm elementi kimi təqdim olunurdu. Həmin vaxt Prezident iqtisadi hazırlıqla yanaşı, ordu quruculuğunun da Zəfərə aparan əsas istiqamətlərdən biri olduğunu bildirmişdi.

2026-cı ildə isə hərbi güc artıq əldə edilmiş nəticələrin qorunması və dövlətin təhlükəsizliyinin təmin olunması kontekstində təqdim edilir. Prezident hərbi gücün artırılmasını qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi göstərib.

Qarabağ məsələsinin siyasi gündəmdə yeri də dəyişib

İki qurultay arasındakı ən fundamental fərqlərdən biri Qarabağ məsələsinin özündədir. 2021-ci ildə Qarabağ gündəmin mərkəzində idi. Həmin vaxt müharibənin nəticələri yenicə formalaşmışdı və qarşıda genişmiqyaslı bərpa prosesi dayanırdı. Prezident VII Qurultayda Qarabağın bərpasını gələcək üçün əsas vəzifələrdən biri kimi təqdim edirdi. 2026-cı ildə isə məsələ artıq başqa mərhələdədir. Ərazi bütövlüyü və suverenliyin tam bərpası siyasi nəticə kimi təqdim olunur, bundan sonrakı mərhələdə isə Böyük Qayıdış, azad edilmiş ərazilərin inkişafı və Azərbaycanın yeni regional mövqeyinin möhkəmləndirilməsi önə çıxır.

YAP üçün də yeni mərhələ

Qurultayın YAP baxımından əhəmiyyəti isə ayrıca müstəvidədir. 2021-ci ildə VII Qurultay partiyanın yenilənməsi mesajı ilə yadda qalmışdı. Prezident həmin vaxt YAP-ın “yeniləşmiş formatda” daha fəal olacağını, ölkə qarşısında duran problemlərin həllində daha fəal iştirak etməli olduğunu bildirmişdi. Eyni zamanda, siyasi islahatların və müasir təcrübənin tətbiqinin vacibliyini vurğulamışdı. VIII Qurultayda isə YAP artıq müharibədən sonrakı siyasi sistemin deyil, ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanın yeni mərhələsinin əsas siyasi aktorlarından biri kimi öz rolunu müəyyənləşdirir. Qurultaya 960 nümayəndənin seçilməsi, ondan əvvəl isə partiyanın 84 yerli təşkilatında hesabat konfranslarının keçirilməsi tədbirin geniş təşkilati hazırlıqla müşayiət olunduğunu göstərir. Bu baxımdan VIII Qurultayın əsas sualı yalnız “partiyanın rəhbərliyində kimlər olacaq?” deyil. Daha geniş siyasi müstəvidə əsas məsələ YAP-ın Azərbaycanın yeni mərhələsində öz siyasi rolunu necə davam etdirəcəyidir.

Beş ilin yekunu nə deyir?

2021-ci ildən 2026-cı ilə qədər Azərbaycanın siyasi gündəliyində ciddi dəyişiklik baş verib. Beş il əvvəl ölkə 44 günlük müharibənin nəticələri ilə yeni reallığa daxil olurdu. Bu gün isə həmin reallığın üzərində yeni siyasi gündəlik formalaşdırılır.

Şərti olaraq fərqi belə ifadə etmək olar:

2021-ci ilin mesajı – qələbənin nəticələrini möhkəmləndirmək və yeni dövrə keçmək;

2026-cı ilin mesajı – əldə edilmiş suverenliyi, müstəqil qərarverməni və yeni geosiyasi mövqeni uzunmüddətli dövlət strategiyasına çevirmək.

Bu mənada YAP-ın VIII Qurultayı yalnız ötən beş ilin hesabatı deyil. Prezidentin çıxışında verilən mesajlar göstərir ki, hakimiyyətin təqdim etdiyi siyasi gündəlik artıq müharibədən sonrakı mərhələnin idarə olunmasından daha geniş çərçivəyə keçir: müstəqilliyin qorunması, iqtisadi və hərbi gücün artırılması, xarici siyasətdə manevr imkanlarının saxlanılması və Azərbaycanın regional və beynəlxalq rolunun möhkəmləndirilməsi.

Sosial rifah mesajı da önə çıxarıldı

VIII Qurultayda diqqət çəkən digər mesaj sosial siyasətlə bağlı oldu. Prezident İlham Əliyev gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqladı. Bu açıqlama qurultayın mesajları arasında ayrıca əhəmiyyət daşıyır. Çünki son illərdə siyasi gündəmin əsas hissəsini təşkil edən təhlükəsizlik və suverenlik məsələləri ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılması da növbəti mərhələnin prioritetlərindən biri kimi təqdim edilir. 2021-ci ildə keçirilən VII Qurultayın əsas siyasi fonunu 44 günlük müharibənin nəticələri, ərazi bütövlüyünün bərpası və postmüharibə dövrünün formalaşdırılması təşkil edirdisə, 2026-cı ildə keçirilən VIII Qurultayda artıq başqa bir mərhələnin gündəliyi görünür. Ərazi bütövlüyü və suverenlik məsələsinin həllindən sonra diqqət daha geniş şəkildə iqtisadi inkişaf, sosial rifah, dövlətin maliyyə imkanlarının əhali üçün nəticələrə çevrilməsi məsələlərinə yönəlir.

Prezidentin “Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın” fikri də bu baxımdan diqqət çəkir. Minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağının əvvəlcədən elan olunması hakimiyyətin qarşıdakı dövrdə sosial siyasəti siyasi gündəmin mühüm istiqamətlərindən biri kimi saxladığını göstərir.

Beləliklə, VIII Qurultaydan gələn mesajları yalnız “suverenlik və təhlükəsizlik” çərçivəsində qiymətləndirmək düzgün olmaz. Qurultayda verilən mesajların digər mühüm xətti “suverenlikdən sonra rifah” istiqamətidir. Yəni siyasi gündəmdə təhlükəsizlik və dövlətçilik məsələləri ilə yanaşı, əldə edilmiş imkanların və iqtisadi resursların sosial nəticələrinin əhali tərəfindən hiss edilməsi də önə çəkilir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR