Logo

Xəzərin sahilboyu ərazilərini bu qurum idarə edəcək - FƏRMAN

Xəzərin sahilboyu ərazilərini bu qurum idarə edəcək - FƏRMAN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində torpaqların idarə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə bu istiqamətdə fəaliyyət göstərən dövlət orqanlarının işinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılıb.

Qeyd olunan səlahiyyətlər adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də digər xüsusi statuslu ərazilərə şamil edilmir.

Sahilboyu ərazilərdə idarəetmənin təşkili məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.

Nazirlər Kabinetinə altı ay müddətində sahilboyu ərazilərin xüsusi statuslu ərazi kimi müəyyənləşdirilməsi, zonalaşdırılması və hüquqi rejiminin formalaşdırılması ilə bağlı təklifləri hazırlamaq tapşırılıb. Həmçinin torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə nəzarətin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyətinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.

Bundan başqa, Nazirlər Kabineti Xəzər dənizinin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, eləcə də həmin ərazilərin kağız və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında aktual xəritələrin və məlumatların saxlanmasını, həmçinin bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılması ilə bağlı təkliflərini altı ay ərzində dövlət başçısına təqdim etməlidir.

Eyni zamanda, sahilboyu ərazilərdə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə və icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir. Fərmanın icrası çərçivəsində müşahidə sistemlərinin qurulması, yerində monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işlərinin aparılması, eləcə də xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması məsələləri də nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR