Noyabradək ABŞ-İran münaqişəsi bitir? - PROQNOZ

Noyabradək ABŞ-İran münaqişəsi bitir? - PROQNOZ
Kateqoriya məlum deyil
T

İran rəsmiləri noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərinədək atəşkəs razılaşmasının əldə olunması perspektivlərinə bədbin yanaşıblar.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl İranla müharibənin noyabrda Konqresə keçiriləcək seçkilərdən dərhal sonra, hətta seçkilərədək başa çata biləcəyinə əminliyini ifadə edib.

Bu isə müharibənin nə zaman bitəcəyi ilə bağlı yeni suallar doğurur. Həqiqətən münaqişənin noyabrda bitmə ehtimalı varmı?

Bu haqda politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. O, İranın və Amerika Birləşmiş Ştatlarının rəhbərlərinin tutduğu mövqenin nəinki noyabr ayına qədər, hətta ilin sonuna qədər razılığa gəlməyin mümkünlüyünü ciddi şübhə altına qoyduğunu açıqlayıb:

“Çünki tərəflər bir-birinə qarşı barışmaz mövqedədirlər. İran tələblər irəli sürür, Prezident Tramp bu tələbləri qəbul etmədiyini deyir və belə görünür ki, bu cür də davam edəcək. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, hətta bir qədər əvvəl BMT, yəni Baş Assambleyanın iclasında iştirak etdikləri dövrdə Amerika Birləşmiş Ştatları və İran nümayəndələri üz-üzə görüşmədilər. Münasibətlər o qədər pisdir ki, hətta bunlar üz-üzə oturub danışa bilmirlər. Ortada vasitəçi gah bu otağa girir, gah o biri otağa girir. Bu şəkildə, təbii ki, razılaşmanın əldə olunması mümkünsüzdür”.

Ekspert İranın qəbul olunmayacaq tələblər irəli sürməkdə davam etdiyini də vurğulayıb:

“Əlbəttə ki, Tramp da açıq şəkildə İrana zərbələr endirmək barədə tez-tez düşünür. Hələ nüvə proqramı ilə bağlı danışıqlara gəlib çatmayıblar. Əslinə qalsa, bütün bu münaqişənin törənmə səbəbi nüvə proqramı ilə bağlıdır. Ancaq hələ heç ora gəlib çıxa bilməyiblər. Hələ Hörmüz boğazını müzakirə edirlər, Hörmüz boğazının açılması məsələsi, atəşkəsin təmin olunması məsələlərində qalıblar. Bu gedişlə ilin sonuna qədər vəziyyət bu cür də davam edəcək. Münaqişə nəinki noyabrda, ilin sonunda da bitməyəcək. Hətta ola bilər ki, növbəti ildə də proses bu cür davam etsin. Nə qədər ki, hər iki tərəf özünü qalib sayır, nə qədər ki, bir tərəf çox ciddi məğlubiyyətə uğramayıb və bunu qəbul etməyib, münaqişənin bitməsi qeyri-mümkündür”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR