Üçtərəfli görüş baş tutmayacaq... - SƏBƏBLƏR

Üçtərəfli görüş baş tutmayacaq... - SƏBƏBLƏR
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Rusiya Prezidenti Vladimir Putinin həm Tramp, həm də Zelenski ilə danışıqlara hazır olduğunu bildirməsi Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli məsələsini yenidən gündəmə gətirib.


Digər tərəfdən, Zelenski ABŞ-dən yeni hərbi yardım, xüsusilə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini istəyib.

Bəs ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda Vaşinqtonun real təsir imkanları nə qədərdir? Ümumiyyətlə, yaxın vaxtlarda üçtərəfli görüş baş tuta bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Zelenski Trampdan istədiyi hərbi yardımı ala bilməyib:

“Bəli, Tramp Zelenski ilə Nyu-Yorkda görüşdü və görüşdən sonra xarici mətbuatda, analitiklərin şərhlərində qeyd edildi ki, Zelenski Trampdan istədiyini ala bilmədi. Söhbət “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərdən gedir. Heç kimə sirr deyil ki, Amerika-İran müharibəsi ilə bağlı bu raketlərin ABŞ-nin özündə ehtiyatları azalıb. Zelenski də Trampdan “Patriot”lar üçün istədiyi həcmdə raketləri ala bilmədi. O, bunu qışda Ukrayna üçün vəziyyətin daha ağır olacağı ilə əlaqələndirirdi. Sözsüz ki, bu gün Avropada və Amerikada Ukraynanın həmin raketlərin çatışmazlığı ilə bağlı vəziyyətindən xəbərdardırlar. Hətta Avropadakı ehtiyatların da Amerika-İran müharibəsində istifadə ediləcəyini bilirlər. Ona görə də Zelenskiyə həmin raketlərin verilməyəcəyi gözlənilən idi”.

Ekspert Amerikanın təsir imkanlarının da yüksək olduğunu qeyd edib:


“Amerika, əgər prinsipial təsir imkanlarından istifadə edərsə, bəlkə də nəyəsə nail ola bilər. Amma elə məsələlər var ki, təkcə Amerikadan asılı deyil. Hətta dünən Rubio Lavrovla görüşündə qeyd etdi ki, atəşkəs müharibənin bitməsi demək deyil. Yəni Rubio demək olar ki, Rusiyanın mövqeyini qəbul edib təkrarladı. Çünki Rusiya deyir ki, bizə atəşkəs, müvəqqəti atəşkəs lazım deyil, bizə dayanıqlı sülh lazımdır. Rubio da Lavrovla görüşündən sonrakı mətbuat konfransında eyni fikri söylədi. Amerika Birləşmiş Ştatları, demək olar ki, Putinlə Trampın Alyaskanın Ankoric şəhərindəki görüşündən sonra bu proseslə bağlı razılaşmışdı. Amma biz bilirik ki, burada ikinci, daha böyük tərəf olan, Ukraynanı müdafiə edən, Ukrayna tərəfində olan və Ukraynanı silahlarla təmin edən Avropa Birliyi var. Avropa Birliyi bu prinsiplərin həyata keçirilməsinə mane oldu.

Avropanın öz maraqları var və Avropa Amerikanın Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı təsir imkanlarını zəiflətdi. Avropa istəmir ki, müharibə Amerikanın və Rusiyanın istədiyi kimi bitsin. Avropanın müharibənin davam etməsində maraqlı olduğu belə görünür. Avropa istəyir ki, Rusiyanı tam zəiflətsin. Amma proses tam əksinə alınır. Ona görə də Amerikanın təsir imkanları olsa da, Zelenski Tramp ilə danışsa da və Amerika Birləşmiş Ştatlarına ehtiyacı olsa da, Zelenskinin ən çox eşitdiyi liderlər Böyük Britaniyanın Baş naziri, Almaniyanın Kansleri, Fransa Prezidenti və, təbii ki, Avropa Birliyinin rəhbəri Ursula fon der Lyayendir. O, bu insanları daha çox eşidir. Hətta Trampa nəsə söz verir, amma adını çəkdiyim ölkələrin liderləri və Avropa Birliyinin rəhbəri Zelenskiyə “verdiyin sözdən imtina et, bu şərtləri qəbul etmə” deyəndə, o, Avropa liderlərinin və Birliyin rəhbərinin sözü ilə hərəkət edir. Ona görə də Amerikanın təsir imkanları olsa da, o qədər də güclü deyil”.

Ş.Ağayev yaxın müddətdə üçtərəfli görüşün baş tutmayacağını vurğulayıb:


“Çünki dünən Peskov da buna münasibət bildirdi. Axşam Lavrov da BMT-də çıxışında qeyd etdi ki, biz sülh danışıqları gedə-gedə müharibəni dayandırmayacağıq. O vaxta qədər ki, tam dayanıqlı sülh müqaviləsi bağlanmasın. Peskov xüsusilə dedi ki, biz fikrimizi bildirdik: Zelenski Moskvaya gələ bilər, ancaq Moskvada Putinlə görüşə bilər və onun bütün təhlükəsizliyinə təminat verilir. Ona görə güman etmirəm və inanmıram ki, üçtərəfli görüş yaxın vaxtlarda reallığa çevrilsin”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR