TDT: Azərbaycanın artan rolu və media əməkdaşlığı - TƏHLİL

Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə yalnız tarixi, mədəni və dil bağlarını birləşdirən platformadan daha geniş gündəliyə malik regional əməkdaşlıq mexanizminə çevrilir. Geosiyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə TDT ölkələri arasında nəqliyyat-logistika, enerji, təhlükəsizlik, rəqəmsallaşma və informasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi təşkilatın real təsir imkanlarını artıran əsas amillərdən biri kimi çıxış edir.
Sfera.az xəbər verir ki, xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər üzərindən bağlantıların genişləndirilməsi və türk dövlətləri arasında iqtisadi əlaqələrin artması TDT-ni regional geoiqtisadi proseslərin mühüm iştirakçılarından birinə çevirir. Bununla yanaşı, təşkilatın qarşısında siyasi mövqelərin uzlaşdırılması, ortaq təhlükəsizlik çağırışlarına cavab verilməsi və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət kimi məsələlər də dayanır.
Azərbaycan bu prosesdə həm coğrafi mövqeyi, həm nəqliyyat və enerji layihələri, həm də TDT daxilində fəal diplomatik fəaliyyəti ilə xüsusi əhəmiyyət daşıyır.
Bəs TDT mövcud potensialını konkret iqtisadi, siyasi və təhlükəsizlik mexanizmlərinə nə dərəcədə çevirə biləcək və Azərbaycanın bu prosesdə rolu necə olacaq?
Milli Məclisin deputatı Cavanşir Feyziyev Metbuat.az-a açıqlamasında bildirib ki, TDT çərçivəsində Azərbaycan Respublikası tərəfindən irəli sürülən bütün təşəbbüslər və layihələr təşkilat daxilində hərtərəfli inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlib.
Millət vəkili vurğulayıb ki, əsas hədəf türk birliyi ideologiyasının praktik müstəvidə reallaşmasını təmin etməkdir:
“Bu gün qlobal siyasi arenada baş verən gərgin proseslər fonunda türk birliyi ideyasının gerçəkləşdirilməsi zərurəti də artmaqdadır. Azərbaycan məhz bu zərurətdən çıxış edərək TDT daxilində ikitərəfli və çoxtərəfli əlaqələrin canlandırılmasına mühüm töhfələr verir. Özünün geosiyasi və geostrateji mövqeyinə görə də inteqrasiya proseslərinin sürəti və gələcək uğurları məhz Azərbaycandan bu proseslərdə daha fəal rol oynamağı tələb edir.
Odur ki, Azərbaycan davamlı olaraq türk dövlətləri arasında siyasi-iqtisadi və mədəni-humanitar münasibətlərin dərinləşməsi və qarşılıqlı bağlılığın artırılması üçün ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycan dövlətini türk geosiyasi regionunda baş verən inteqrasiya proseslərinin mərkəzi hərəkətverici qüvvəsinə çevirir və daha geniş miqyasda Azərbaycanın rolunu və siyasi çəkisini artırır.
Türk geosiyasi regionunun vahid siyasi və iqtisadi platformada bütövləşməsi məhz Azərbaycan vasitəsilə mümkündür. Çünki Azərbaycan geniş türk regionunun mərkəzində yerləşməklə özündən qərb cinahda yerləşən Türkiyəni Xəzərin şərqində yerləşən Mərkəzi Asiya türk dövlətləri ilə bağlayan və beləliklə, geniş bir coğrafiyanı bütövləşdirən vacib bağlantı ərazisidir. Mərkəzi Asiyanın enerji resurslarının qərbə daşınması da məhz Azərbaycanın on illər ərzində yaratdığı və daim genişləndirməkdə olduğu müvafiq infrastruktur vasitəsilə həyata keçirilə bilər”.
Azərbaycanın TDT çərçivəsində artan rolunda enerji və nəqliyyat bağlantıları xüsusi əhəmiyyət daşıyır. Ölkənin Şərqlə Qərb arasında mühüm tranzit mərkəzə çevrilməsi həm türk dövlətləri arasında iqtisadi inteqrasiyanı sürətləndirir, həm də Azərbaycanın təşkilat daxilində strateji əhəmiyyətini artırır.
Cavanşir Feyziyev də Azərbaycanın enerji və nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında mühüm bağlantı yaratdığını vurğulayıb:
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Batumi, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri və eləcə də uzunluğu 3000 kilometrdən çox olmaqla Cənubi Avropayadək uzanan Cənub Qaz Dəhlizi Mərkəzi Asiyanın zəngin təbii ehtiyatlarının Avropaya nəql edilməsində yeganə etibarlı infrastruktur vahididir. Bununla yanaşı, Azərbaycan üzərindən keçməklə Mərkəzi Asiyadan Türkiyə və Avropa istiqamətində nəqliyyat-tranzit marşrutlarının yaradılması da ümumtürk inteqrasiya proseslərində ölkəmizin rolunu və mövqeyini dəfələrlə artırır.
Bütün türk dövlətlərinin siyasi və iqtisadi maraqları ilə üst-üstə düşən Orta Dəhliz konsepsiyasının reallaşması da hər bir türk dövlətinin və bütövlükdə türk regionunun qlobal siyasi-iqtisadi sistemə daha dərin inteqrasiya olunmasını təmin edəcək. Bu halda Zəngəzur dəhlizinin də açılması yalnız Azərbaycanın qərb bölgələrinin Naxçıvanla birləşdirilməsi üçün yox, bütövlükdə türk regionunun quru yolu vasitəsilə bir-birinə bağlanması və daha geniş miqyasda Orta Dəhliz layihəsinin reallaşması üçün zəruri şərtə çevrilir”.
Bu yanaşma Azərbaycanın TDT çərçivəsində rolunun yalnız siyasi müstəvidə deyil, həm də regional nəqliyyat və iqtisadi inteqrasiya baxımından getdikcə artdığını göstərir. Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji marşrutları üzrə formalaşan yeni bağlantılar Azərbaycanın türk dünyası ilə Avropa arasında strateji körpü funksiyasını daha da gücləndirir.
Deputatın fikrincə, bütün bu amillər Azərbaycanın qarşıdakı dövrdə inkişaf perspektivlərini və TDT daxilində inteqrasiya proseslərinə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır və TDT çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsinə yol açacaq.
Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi TDT çərçivəsində informasiya təhlükəsizliyi və media əməkdaşlığının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə sosial şəbəkələrdə dezinformasiyanın sürətlə yayılması və informasiya manipulyasiyasının yeni formalarının meydana çıxması türk dövlətləri arasında daha çevik və koordinasiyalı kommunikasiya mexanizmlərinə ehtiyacı artırır.
Burada əsas məsələ yalnız mövcud media əlaqələrini gücləndirmək deyil, həm də türk dövlətlərinin müasir informasiya çağırışlarına qarşı koordinasiyalı fəaliyyət imkanlarını artırmaqdır.
Məhz bu reallıq fonunda TDT çərçivəsində media və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsi aktuallaşır. İnformasiya mühitində təhdidlərin sərhəd tanımaması ayrı-ayrı ölkələrin deyil, regional əməkdaşlıq formatlarının da koordinasiyalı fəaliyyətini zəruri edir.






