Məkkə Sazişi Türkiyəni müharibəyə sürükləyəcək? - AÇIQLAMA

Məkkə Sazişi Türkiyəni müharibəyə sürükləyəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Pakistan Silahlı Qüvvələrinin Baş Komandanı feldmarşal Asim Münir dəfələrlə İrandan dəstək verdiyi Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına və bu ölkənin enerji infrastrukturuna hücumlarının dayandırılması üçün səy göstərməsini istəyib.

Feldmarşal Tehrana xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanının Məkkə Müdafiə İttifaqına əsasən rəsmi müraciəti olacağı təqdirdə, İslamabad bu ölkəni müdafiə etmək üçün müdaxilə etməyə məcbur qala bilər.

Məlumdur ki Türkiyə də Məkkə Sazişində iştirak edir.

Üzvlük Ərdoğanın bu məsələyə müdaxiləsinə gətirib çıxara bilər? Bilərsə, nəticə necə olacaq?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, Pakistanın İrana yönəlik mesajı daha çox siyasi təzyiq xarakteri daşıyır:

“Pakistan tərəfinin bu açıqlaması İrana təzyiq xarakteri daşıyır. Məkkə Sazişinin tələbinə görə, üç müttəfiq ölkədən birinə hücum olacağı təqdirdə digər ölkələr onun müdafiəsinə dəstək verməlidirlər. Bu, məsələnin hüquqi tərəfidir. Amma hesab edirəm ki, əsas məsələ siyasi yanaşmadır. Hazırda Məkkə Sazişinin işə düşməsi yalnız İsrailin maraqlarının təmin olunması kimi qiymətləndirilə bilər. Ona görə də Pakistan və Türkiyənin bu prosesdə birbaşa iştirak edəcəyini düşünmürəm”.

Siyasi şərhçinin sözlərinə görə, müdafiə dəstəyi yalnız birbaşa hərbi müdaxilə ilə məhdudlaşmır: “Digər tərəfdən, müdafiə xarakterli tədbirlər təkcə hərbi müdaxiləni nəzərdə tutmur. Buraya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, silah və digər hərbi dəstəyin göstərilməsi, eləcə də kəşfiyyat məlumatlarının paylaşılması kimi addımlar da daxil ola bilər”.

Ə.Zülfüqaroğlu Türkiyənin mümkün hərbi müdaxiləsinin isə ayrıca hüquqi və siyasi prosedurlardan asılı olduğunu vurğulayıb:

“Eyni zamanda, onu da nəzərə almalıyıq ki, Türkiyənin müdaxiləsi üçün parlamentin ratifikasiyası lazımdır və hələ bu proses gerçəkləşməyib. Bu baş versə belə, Husilərə qarşı xüsusilə Türkiyənin birbaşa iştirakı az inandırıcıdır. Düşünürəm ki, Türkiyə sadəcə silah yardımı və kəşfiyyat dəstəyi ilə kifayətlənə bilər. Bütövlükdə isə hərbi müdaxilə İslam ölkələrini qarşı-qarşıya qoya bilər. Türkiyə və Pakistanın belə bir qarşıdurmaya və İsrailin maraqlarının təmin olunmasına xidmət edən prosesə getməkdə maraqlı olduğunu düşünmürəm”.

Qeyd edək ki, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi imzalanıb. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün iştirakçılara qarşı hücum kimi qiymətləndirilir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR