Paşinyan: "Çaşıb səhv təyyarəyə mindim"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyaya işgüzar səfəri zamanı maraqlı hadisə baş verib.
Sfera.az xəbər verir ki, Paşinyan səfərlə bağlı sosial şəbəkə hesabında paylaşdığı videoda təyyarənin Visbaden əvəzinə Frankfurt hava limanına endiyini bildirib.
“Biz Visbadenə yox, Frankfurtda endik. Çaşdım və səhv təyyarəyə mindim”, – Paşinyan paylaşımında yazıb.
Qeyd edək ki, Ermənistan Baş naziri bu gün Almaniyaya işgüzar səfərə yollanıb. Səfər çərçivəsində Paşinyanın Visbadendə, Hessen Əyalət Parlamentində keçiriləcək mərasimdə Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə Hessen Sülh Mükafatı ilə təltif olunacağı açıqlanıb.
Mükafatlandırma mərasimindən sonra Ermənistan hökumət başçısının Frankfurt Ticarət və Sənaye Palatasında yerli iş adamları ilə görüşü nəzərdə tutulur.
Firuzə Əliyeva






