NATO-ya alternativ yaradılır?

NATO-ya alternativ yaradılır?
Kateqoriya məlum deyil
T

Ursula fon der Leyenin Avropa Təhlükəsizlik Şurasının yaradılması təklifi Aİ ölkələrində birmənalı qarşılanmayıb.

Sfera.az xəbər verir ki, “Politico”nun yazdığına görə, xüsusilə Danimarka Baş naziri Mette Frederiksen bu təşəbbüsə skeptik yanaşıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sentyabrın 16-da Avropa Parlamentindəki illik çıxışı zamanı Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib. Şuranın Avropa ölkələrinin təhlükəsizlik məsələlərini Kanada, Norveç, Ukrayna və Böyük Britaniya kimi tərəfdaşlarla müzakirə edə biləcəyi platforma olması nəzərdə tutulur.

Məlumata görə, təşəbbüs NATO-dan ayrıca format kimi nəzərdə tutulur. Bununla belə, bəzi avropalı rəsmilər və diplomatlar yeni strukturun əlavə görüşlərdən başqa ciddi nəticə verməyəcəyini düşünürlər.

Diplomatlardan biri Avropada artıq çoxsaylı təhlükəsizlik formatlarının mövcud olduğunu xatırladaraq yeni təşəbbüsü istehza ilə qarşılayıb.

“Görünür, bütün bu illər ərzində Avropanı dünya səhnəsində məhdudlaşdıran əsas problem görüşlərin çatışmazlığı olub”, – diplomat deyib.

Qeyd olunur ki, Avropa Şurasının prezidenti Antonio Koşta Finlandiyada keçirilən görüş zamanı Mette Frederiksenlə də bu məsələni müzakirə edib. Bu isə Danimarka Baş nazirinin yeni strukturda mümkün liderliyi ilə bağlı ehtimallara səbəb olub.

Lakin Danimarka rəsmisi bu məlumatı təkzib edib. Bildirilib ki, Frederiksen Avropanın təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verir, lakin məhz bu təşəbbüsə skeptik yanaşır.

Ursula fon der Leyen isə yeni təhlükəsizlik formatının yaradılması ilə bağlı ideyanı Avropanın təhlükəsizlik siyasətinin gücləndirilməsi çərçivəsində təqdim edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR