ABŞ-İran müharibəsi fərqli mərhələyə keçir - Nələr yaşanacaq?

ABŞ ilə İran arasındakı münaqişə yaxın iki ay ərzində tamamilə fərqli mərhələyə keçə bilər.
Bunu ABŞ vitse-prezidenti Cey Di Vens “New York Post” qəzetinə müsahibəsində deyib.
Vens “tamamilə fərqli mərhələ” ifadəsi ilə nəyi nəzərdə tutub? Növbəti mərhələdə hansı proseslər baş verə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, Vensin “tamamilə fərqli mərhələ” ifadəsini yalnız yeni hərbi eskalasiya anonsu kimi qəbul etmək düzgün olmaz.

Onun sözlərinə görə, Vens müsahibəsində faktiki olaraq münaqişəni iki mərhələyə ayırıb. Birinci mərhələnin məqsədi İranın nüvə, konvensional hərbi və regional güc proyeksiyası imkanlarını zəiflətmək, ikinci mərhələnin isə bu imkanların yenidən qurulmasının qarşısını almaq və daha geniş sabitliyi qorumaq olduğu vurğulanıb.
“Üstəlik, Vens hazırda ABŞ-nin genişmiqyaslı hücum əməliyyatları aparmadığını deyir. Bu baxımdan onun sözləri Vaşinqtonun davamlı hərbi kampaniyadan daha çox təzyiq, çəkindirmə və mümkün danışıqlar mərhələsinə keçid ssenarisini nəzərdə tutduğunu göstərir”, – politoloq qeyd edib.
Ü.Zülfiqarın fikrincə, burada diqqət çəkən məqamlardan biri də iki aylıq müddətin ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərlə üst-üstə düşməsidir. Prezident Donald Tramp da münaqişənin seçkilərdən sonra başa çata biləcəyini söyləyib, Vens isə bunun necə baş verəcəyini əvvəlcədən açıqlamır.
“Buna görə qarşıdakı dövrdə əsas məqsəd hərbi və iqtisadi təzyiqi saxlamaq, xüsusilə Hörmüz boğazında İranın təsir imkanlarını məhdudlaşdırmaq və onu daha əlverişsiz şərtlərlə danışıqlara sövq etmək ola bilər. Lakin bunun nəticəsinin diplomatik razılaşma, yoxsa yenidən hərbi eskalasiya olacağını indidən demək mümkün deyil”, – o bildirib.
Politoloq hesab edir ki, ikinci mərhələnin ən həssas məsələlərindən biri məhz Hörmüz boğazı olacaq. “Son həftələrdə kommersiya gəmiləri ilə bağlı yaşananlar, ABŞ-nin İran neft tankerlərinə qarşı əməliyyatları və daha geniş məhdudlaşdırılmış dəniz zonasının yaradılması barədə xəbərdarlıqlar göstərir ki, qarşıdurmanın ağırlıq mərkəzi tədricən enerji və dəniz yollarına keçir. Bu isə artıq yalnız ABŞ və İranın hərbi münasibətləri deyil, dünya enerji bazarı, neft qiymətləri və Körfəz ölkələrinin təhlükəsizliyi məsələsidir”, – Ü.Zülfiqar vurğulayıb.
Onun sözlərinə görə, qarşıdakı iki ayı daha çox İranın seçim qarşısında qoyulduğu dövr kimi qiymətləndirmək olar.
“Vensin açıqlamasının mühüm tərəfi də budur – Vaşinqton münaqişənin indiki formasının uzun müddət davam etməsini istəmədiyini göstərir, amma onun yerini nə alacağını hələ açıq saxlayır”, – politoloq əlavə edib.
Firuzə Əliyeva






